İranda vətəndaş müharibəsi başlana bilər
İqtisadi böhran dərinləşdikcə rejimdə narazılıq artır
28 Dekabr 2012 15:29 SiyasətTürkiyə mətbuatının məlumatına görə İran Qərb ölkələrinin nüvə silahı istehsal etdiyini iddia etdiyi Parçin bazasında yoxlama aparmaq üçün Beynəlxalq Atom Enerjisi Təşkilatının (BAE) səlahiyyətlilərinə icazə verəcəyini açıqlayıb. Lakin İran xarici işlər nazirinin müavini Həsən Kəşkəvi mətbuata verdiyi açıqlamada bildirib ki, bu yalnız İrana qarşı tətbiq olunan sanksiya və təhdidlərin aradan götürüləcəyi təqdirdə baş tutacaq. İran XİN rəsmisinin bu açıqlamasında bir sıra məqamlar gizlənir. Birincisi, ola bilsin ki, İran artıq Parçin bazasında nüvə başlıqlarının istehsalını başa çatdırıb. Bu səbəbə görə də bazada yoxlanış üçün heç bir əngəl olmayacağına görə rahatlıqla bu qərara gedə bilər. Belə olan halda nüvə silahını Qərb, ABŞ və İsraildən gizlətmək mümkün olacaq. Müəyyən vaxtdan sonra silahı ortaya çıxaracaq İran nüvə klubuna daxil olan ölkələr sırasına daxil olacaq. Belə olan halda da nüvə arsenalına sahib olan İrana qarşı müharibə etmək mümkünsüz olacaq və İran beləcə müharibə təhlükəsindən yaxa qurtaracaq. Çünki, indiki məqamda inkişaf dərəcəsindən asılı olmayaraq ölkələrin gücü nüvə silahına sahib olub, olmaması ilə ölçülür. İkincisi, Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatını tamamilə çökdürmək dərəcəsinə gətirib. Yaxın gələcəkdə vəziyyətin heç də yaxşı olmayacağını başa düşən molla rejimi bu cür qərar getmək məcburiyyətində qalıb. Çünki, hər keçən gün daxildə iqtisadi böhran dərinləşdikcə İranda vətəndaş müharibəsi qaçılmaz olur. Çünki, hər keçən gün ərzaq və yanacağın sürətlə bahalaşması Əhmədinejad hakimiyyətinə qarşı narazı qüvvələrin sayını artırır. Belə olan təqdirdə də İran parçalanmaq təhlükəsi ilə üz-üzə dayanacaq. Üçüncüsü, İranın İsrail və ABŞ-la müharibədən çəkinməsi məsələsi ola bilər. Mahmud Əhmədinejad başa düşür ki, israillər müharibə baş verəcəyi təqdirdə müttəfiqlərin qarşısına güclü ordu ilə çıxa bilməyəcək. Buna görə də hökumət göstərmək istəyir ki, İranda heç də nüvə silahı istehsal edilmir. Bu taktika müharibə və parçalanmaq təhlükəsini aradan qaldırmaq üçün ən sadə siyasi gediş sayılmalıdır. Fars rejiminin açıq şəkildə müttəfiqlərə qorxuram deməsi isə heç də gözlənilən deyil. Çünki, bu İranın nüfuzuna zərbə ola bilər.
Mənsur Rəğbətoğlu