Müxalifət üçün uğursuz il - ŞƏRH
Düşərgə toparlana bilmədi, AXCP-Müsavat vahid gücə çevrilmədi
28 Dekabr 2012 15:14 SiyasətYola saldığımız 2012-ci il ənənəvi müxalifət üçün uğurlu olmadı. Bu il də müxalifətin əsas güc mərkəzi İctimai Palata oldu. Parlamentdə təmsil olunan müxalifət (hər halda onlara YAP platformasından çıxış edən siyasi təşkilat demək olmaz) heç nə ilə yadda qalmadı. BQP və digər AXC şineilindən çıxmış partiyaların daha çox sədrləri fəallıq göstərdi. VHP-nin gənclər təşkilatı daha çox müxalifətçi kimi görsəndi. Ümumiyyətlə, siyasi ekspertlərin fikrincə, VHP-də atalar və oğullar problemi öncəki illərdən daha qabarıq görünnəyə başlayıb. Kənardan elə görünür ki, Samir Əsədli başda olmaqla VHP gəncləri bir partiyadır, Fəzail İbrahimli, Nurəddin Mehdixanlı və başqa "qocalar" başqa partiya. Ümid və ADP-ni birləşdirən "Qarabağ" bloku da ciddi müxalifət alyansına çevrilmədi. İlin son aylarında ADP-nin yeni siyasi birlik yaratmaq adı altında fəaliyyəti belə mahiyyətcə dağıtmağa xidmət edən fəaliyyət oldu. ADP AXCP-ni Müsavatdan ayırmağa cəhd etdi. Bunun üçün 8 müxalifət partiyasını "Asiman" restoranına dəvət etdi, orda Müsavatsız görüş keçirdi. Yəqin ki gələn il bu görüşün davamı olacaq və müxalifət daxilində yeni siyasi birliyin əsası qoyulacaq. İndidən bəllidir ki, yeni siyasi blokda ADP əsas fiqur olmayacaq. Bu partiyanın əsas missiyası AXCP-ni İctimai Palatadan ayırmaqdır. Belə görünür ki, ADP tam zamanında bu fəaliyyətə başlayıb, çünki İP-in dağılması üşün zəmin artıq yaranıb. AXCP-nin İP-dən gözləntiləri doğrulmadı. Cəbhə lideri Müsavatın onu dəstəkləyəcəyini güman edirdi. Amma belə olmadı. AXCP sədrinin xaricə çıxış imkanlarının olmadığını yaxşı bilən Müsavat başqanı fürsətdən istifadə edib namizədliyini irəli sürdü. Artıq cəmiyyətə İctimai Palatanın əsas namizədinin İsa Qəmbər olacağı mesajı verilib. Belə görünür ki, İsa Qəmbər bu statusdan maksimum yararlanacaq və xarici səfərlərdə də İP-i təmsil edəcək. Müsavat başqanının bu statusunu qısqanan AXCP qara piar kampaniyasına start verib. AXCP sədri bütün gücü ilə çalışır ki, Müsavat başqanı İP-in namizədi kimi, AXCP-nin müttəfiqi kimi təqdim olunmasın. Müsavat isə İctimai Palatanın buraxılmasını istəmir. Müsavatda hesab edirlər ki, əsasən Müsavatın qərargahında toplaşan qurum AXCP getsə belə, formatını dəyişməli, seçki blokuna çevrilməlidir. Onsuzda yeni qurum yaranarsa, İP-dəki Müsavat tərəfdarları yeni seçki blokuna qoşulacaqlar. Müsavatda İP brendinin saxlanılmasına çalışırlar. Amma buna AXCP razı olmayacaq. 2012-ci ildə Əli Kərimlinin vahid namizədliyini Müsavata qəbul etdirə bilməyən AXCP yəqin ki bunu gələn il də bacarmayacaq. Bu baxımdan yola saldığımız ili müxalifət üçün uğursuz illərdən biri kimi səciyyələndirmək olar. Buna qədərki seçkilərdə müxalifət seçkiyə ən azı bir il qalmış toparlanar, əsas namizədini müəyyən edərdi. Bu il isə buna nail olunmadı. Böyük ehtimalla, gələn il də ənənəvi müxalifət vahid namizəd problemini həll edə bilməyəcək. Müxalifət seçkiyə İsa Qəmbərin dediyi kimi əsas namizədlə gedəcək. Onsuz da 1998, 2003-cü il seçkilərində də müxalifətin vahid yox, əsas namizədi olmuşdu. Əsas namizədin kimliyi isə hələ bəlli deyil. Onu seçki kampaniyasının gedişi müəyyən edəcək. Bu şəxs isa Qəmbər də, Əli Kərimli də, Ziyalılar Forumunun namizədi də, İlqar Məmmədov da ola bilər.
Aydın