"Müxalifət şəxsi ambisiyalarından geri çəkilmir" - Elxan Şahinoğlu

“Müsavatla AXCP arasındakı ixtilaf artıq təhqirə keçib”

Politoloq Elxan Şahinoğlu ilə müxalifətdə baş verən proseslərlə bağlı fikir mübadiləsi apardıq:

-Müsavat və AXCP arasındakı gərginlik artıq açıq müstəviyə keçib. Elxan bəy, müxalifətin iki böyük partiyanın bölüşdürə bilmədiyi məsələ nədir?

- Çox təəssüflər olsun ki, hələ bir il bundan qabaq Müsavat və AXCP arasında gərginliyin yaşanacağını proqnozlaşdırmışdım. Hətta bunun qarşısının alınması üçün vahid namizəd məsələsinin həll olunması üçün seçkinin keçirilməsi təklifini də irəli sürmüşdüm. Müsavat və AXCP arasında olan ixtilaf məhz bu mövzu ilə bağlıdır. Bir tərəfdən Müsavat öz namizədini irəli sürür, AXCP öz namizədini seçir, sonra da deyirlər ki, guya öz aralarında anlaşacaqlar. Bu söhbət başlamamış partiyalar arasında tənqid təhqirə keçib, bu gedişlə İctimai Palatanın özü dağıla bilər. Əslində bu cür ixtilaflar narazı elektorata təsir edir, çünki əsas mətləb nə olmalıdır, narazı elektoratın gücünü birləşdirib seçkiyə vahid güclə getmək lazımdır. Mövcud situasiya onu göstərir ki, müxalifət bu dəfə də bu istiqamətdə birgə addım ata bilməyəcək

-Müxalifətin tək ideya ətrafında birləşə bilmir. Azərbaycanın müstəqilliyinin ilk illərindən bu günədək bu ənənə hələ də davam edir...

- Bu sualın cavabını müxalifətin özü yaxşı bilir. Mən özüm də bu sualı müxalifətə verirəm, amma cavab ala bilmirəm. Həmişə elə tarixdən danışırlar, bir gələcəyə də baxmaq, şəxsi ambisiyalardan bir addım geri çəkilmək lazımdır. Bəzi müxalifət liderləri prezidentlik yox, müxalifət liderliyi uğrunda mübarizə aparırlar. Bu cür şəraitdə müxalifət liderinə çevrilmək də müşkül məsələyə çevrilib.

-Elxan bəy, müxalifətin hər beş ildən bir ortaya atdığı vahid namizəd məsələsi bir növ tarixi prosesə çevrilib. Niyə müxalifət sözü bir yerə qoyub seçkilərə vahid namizədlə gedə bilmir?

- Bunu 98-ci ildə, 2003-cü ildə, 2008-ci ildə də gördük, çox güman ki, 2013-də eyni ssenari ilə qarşılaşacağıq. Müxalifət liderləri bu tarixlərdən dərs götürməlidirlər. Nəticələrin qənaətbəxş olmamasının səbəbi müxalifətin mərkəzdən idarəetməsinin olmamasıdır. Vahid namizəd məsələsinin həll olunması o demək deyil ki, müxalifət 2013-cü ildə qələbə qazanacaq. Hər halda bu faktor narazı elektoratın parçalanmasının qarşısını alacaq. Birgə mübarizə strategiyası ortaya qoyurlar, amma yenə də görürük ki, indiki vəziyyət keçmiş proseslərin davamıdır.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00