2012-ci il Qağlıq Qarabağın həlli üçün qeyri-fəal il oldu
28 Dekabr 2012 12:15 Siyasət2012-ci il Azərbaycan tarixinə uğurlu il kimi yazılsa da, bu il də Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmadı. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitsi-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, bu il Azərbaycanın tarixinə çox uğurlu il kimi yazılıb: "Azərbaycanın siyasi, iqtisadi, sosial həyatı və beynəlxalq sahədə apardığı siyasət böyük uğurlarla yadda qaldı. Bu ilin uğurlarını təmin edən ölkə prezidenti, onun yeritdiyi siyasət və Azərbaycan xalqının bu siyasəti dəstəkləməsi, göstərilən vahid iradə olub. Əldə olunan nailiyyətlər qarşıdakı illərdə daha böyük uğurların qazanılmasına vəsilə olacaq".
Bahar Muradova bu il də Dağlıq Qarabağ probleminin həll edilməməsindən təəssüflənib: "Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticələr olmadı. Bu baxımdan 2012-ci ili bu sahədə qeyri-fəal il adlandırmaq olar. Ancaq gələn ildə bu istiqamətdə səylərin artacağına ümidvaram. Çünki həm həmsədrlər, həm bu prosesə cəlb olunmuş ölkələr, eləcə də Azərbaycan dövlətinin rəsmi siyasəti qarşıdakı ildə bu istiqamətdə daha faəl səylər göstərəcəklər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi, bütün imkanlardan istifadə edərək, bu problemin daha ciddi müzakirəsinə və status-kvonun dəyişməsinə yönələn addımların atılmasına nail olacaq".