Cümşüd Nuriyev AXCP-nin hədəfində
“Mənə ən çox söyüş, təhqir, səviyyəsiz şərhlər AXCP-dən gəlir”
27 Dekabr 2012 14:40 SiyasətMüsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Facebookda AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid etməsi iki partiya arasında temperaturu xeyli yüksəltdi. Bundan dərhal sonra AXCP yetkililəri Arif Hacılının cavabını verdi. Siyasi analitiklər partiyalar arasında gərginliyin yaranmasında AXCP-nin müxalifət daxilində oyun pozuculuğu ilə xarakterizə edirlər. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, AXCP Müsavata qarşı haqsızlıq edir, çünki AXC bir partiya kimi əslində mövcud deyil: "AXCP-dən 6 partiya ayrılıb ki, bunlardan üçü parlamentdə oturur. Yerdə qalan 3 partiya da gücünə görə heç də AXCP-dən geri qalmır, KXCP AXCP-dən daha güclüdür. Müsavat və AXCP arasında olan gərginliyin əsl səbəbi Əli Kərimlinin iddiasıdır. Məsələ ondadır ki, prezident seçkiləri ilə bağlı kiçicik yazılar işləyib "Aznyus" saytında yerləşdirirəm və bununla bağlı mənə çoxlu söyüşlər gəlir, mənə ən çox söyüş, təhqir, səviyyəsiz sözlər AXCP-dən gəlir. Amma bunun müqabilində Müsavatdan bir söz belə eşitməmişəm, amma vaxtilə İsa Qəmbəri çox tənqid etmişəm və indi hesab edirəm ki, yaranmış situasiyaya görə, Müsavat başqanı müxalifətdən namizədliyə daha layiqli şəxsiyyətdir". ("OLAYLAR" İA)