Rusiya Azərbaycana qarşı təzyiqlərə start verib

Qabil Hüseynli: “Moskva Bakıya ərazi bütövlüyünü bərpa etmək üçün əngəllər yaradır”

Azərbaycanın Vladimir Putinin "Vahid Gömrük Sistemi"nə qoşulmaq təklifini israrla rədd etməsi bir sıra məqamları gündəmə gətirir. Azərbaycan tərəfin öz mövqeyində israr etməsində ortaya çıxan əsas faktor bununla bağlı Rusiyanın Azərbaycana təzyiqlər edə biləcəyi təhlükəsinin ictimaiyyət arasında qərarlaşmasıdır. Hər halda Rusiyanın Azərbaycanla bağlı strateji maraqları kontekstində bu yola əl atacağı gözləniləndir. "Kreml artıq təzyiqləri psixoloji formada hiss etdirməyə, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını məhdudlaşdırmağa başlayıb. Hətta müəyyən dövlət dairələrində vətəndaşlığı olmayan azərbaycanlıların Rusiyadan deportasiya edilməsi məsələsi müzakirə olunur. Həmçinin Rusiya təzyiqləri artırmaq üçün kredit adı altında Ermənistanı silahlandırmaqda davam edir. Bu isə açıq şəkildə onu göstərir ki, Rusiya artıq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün əngəllər yaratmağa başlayıb, digər tərəfdən də Ermənistandan Azərbaycana qısqırdıcı təhdidlər gəlir" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Rusiyanın əlində oyuncaq olan Ermənistan Azərbaycana qarşı avantürist addımlar ata bilər: "Lakin, Ermənistan Azərbaycanın güclü hərbi potensialı olduğunu nəzərə almır və bu dəfə Azərbaycan Ermənistanın avantürist qərarlarına sarsıdıcı cavab vermək iqtidarındadır. Rusiya beynəlxalq aləmdə də Azərbaycanın mövqelərinə əks olan addımlar atmağa çalışır, bir növ Azərbaycanın xarici siyasətini qarşısında əngəllər yaratmağa səy göstərir və bu gedişini onunla müttəfiq olan ölkələrə siraət etdirməyə çalışır. İranın Azərbaycana qarşı sərtləşməsində Rusiyanın bəlli rolu var. Rusiya həmçinin Azərbaycanda qarışıqlıq yaratmaq üçün müəyyən obyektlərə diqqət yetirir və xüsusi tapşırıqla məlumatlandırılmış separatçı qüvvələrin Azərbaycana ayaq açması üçün yollar açır. Kreml xüsusi radikal millətçi qrupların yaradılmasına, onların maliyyələşdirilməsinə, təşkilatlanmasına xüsusi diqqət yetirir. Dağıstanda "Sadval" ləzgi separatizminin gücləndirilməsi diqqətdən yayınmamalıdır. Rusiya Azərbaycanla sərhədə qoşun toplamaqla, Xəzər dənizindəki hərbi donanmasını ölçüyə gəlməz dərəcədə gücləndirməklə Azərbaycana qarşı psixoloji təzyiqlər göstərir. Hətta, bu yaxınlarda Rusiyanın yeni istehsal olunmuş kreykeri Xəzərin Azərbaycan sərhədlərinə gəlib çıxmışdı. Rəsmi Moskva analoqu olmayan həmin kreykerin parametrləri haqqında dünya mətbuatına məlumatlar göndərməklə Rusiyanın hərbi gücünün xeyli dərəcədə artdığını bildirmək istəyirdi. Bir sözlə Rusiyanın Azərbaycana qarşı mübarizə arsenalında xeyli metodlar var" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00