Rəsmi Tehran Küveyt əmirinə cavab verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst dekabrın 26-da Birləşmiş Ərəb Əmirlikləri ilə ixtilaf mövzusu olan adalardan danışıb.  "Media forum" saytının məlumatına görə, Ramin Mehmanpərəst Bəhreyndə keçirilən Körfəz Əməkdaşlıq Şurasının sammitində adalarla bağlı səsləndirilən bəyanatları əsassız adlandırıb: "Bölgə ölkələrinin daxili problemlərinin məsuliyyətini başqalarının boynuna atmaq mövcud gerçəkliklərdən bir növ qaçmaq deməkdir. Əsassız iddiaların təkrar olunmasının mövcud gerçəkliyə heç bir təsiri yoxdur. Bir daha təkid edirik ki, Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları İranın ayrılmaz hissəsidir".  Dekabrın 24-ü Bəhreyndə, Körfəz Əməkdaşlıq Şurasının sammitində çıxış edən Küveyt əmiri Şeyx Səbah əl Əhməd əl Səbah İranla mübahisəli 3 adadan danışaraq problemin həlli üçün Tehranı Birləşmiş Ərəb Əmirlikləri ilə birbaşa danışıqlara çağırıb: "İran Körfəz Əməkdaşlıq Şurası ilə bağlı ixtilaflarını aradan qaldırmaq üçün əməli addımlar atmalıdır. Tehran Birləşmiş Ərəb Əmirliklərinə məxsus 3 ada ilə bağlı ixtilafın həllinə təşəbbüs göstərməlidir. Ya Birləşmiş Ərəb Əmirlikləri ilə birbaşa danışıqlara başlamalı, ya da məsələnin beynəlxalq bir məhkəmədə baxılması ilə razılaşmalıdır".
İran körfəzindəki Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İrana verilib. Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələni Beynəlxalq Haaqa Məhkəməsində qaldıracağını bildirir.

Körfəz Əməkdaşlıq Şurasına bölgənin altı ölkəsi (Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Qətər) daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00