AXCP-Müsavat savaşı açıq müstəviyə keçdi - ANALİZ
Arif Hacılı əsəb müharibəsinə dözmədi, müttəfiqliyə daha bir zərbə dəydi
26 Dekabr 2012 15:33 SiyasətAXCP ilə Müsavat arasında soyuq müharibə açıq müstəviyə keçir. AXCP fəallarının sosial şəbəkələrdə apardığı antiMüsvaat kampaniyasına artıq partiyanın yetkililəri də qoşulub. Sədr müavinləri Fuad Qəhrəmanlı, Asəf Quliyev Müsavat, İsa Qəmbərə və Müsavatın seçkiyə müstəqil qatılmasını istəyən qüvvələrə qarşı qara piar kampaniyası aparırlar. Bu funksionerlər açıq bildirir ki, Müsavat seçkiyə hazır deyil, İsa Qəmbər namizəd olmamalıdır. Asəf Quliyev mətbuata açıqlamasında İsa Qəmbərin zorla namizəd irəli sürüldüyünü idda edib. İlk baxışdan elə görünür ki, AXCP rəsmisi İsa Qəmbərin suçlu olmadığını, Pənah Hüseyn və Arif Hacılının onu buna məcbur etdiyini demək istəyir. Amma bu fikirdə İsa Qəmbərə qarşı həqarət var. AXCP rəsmisinin sözündən belə çıxır ki, İsa Qəmbər müstəqil qərarlar verə bilmir, onu siyasi addımlarına məcbur edirlər. Asəf Quliyevin bu atmacası sosial şəbəkələrdə Müsavat qarı kampaniyanın kimlər tərəfindən yönləndirildiyini ortaya çıxarmış olur. Tezislər tanış olduğundan bəlli olur ki, facebookda müxtəlif niklər altında antiMüsavat kampaniyasına Fuad Qəhrəmanlı və Asəf Quliyev yön verirlər. Fuad Qəhrəmanlı mövqeyini Pənah Hüseynlə debatda da açıqlayıb. Bu arada AXCP-nin qara piar kursu dəyişmiş kimi görünür. AXCP-nin sosial şəbəkələrdə apardığı antiMüsavat kampaniyasında antiHacılı tezisləri üstünlük təşkil etməyə başlayıb. Əli Kərimlinin adamları Arif, Vaqif və Mustafa Hacılı qardaşlarını "hakimiyyətin maraqlarına xidmət etməkdə" suçlandırırlar. Bi həftə davam edən kampaniyaya Arif Hacılı cavab vermək zorunda qalıb. Facebookdakı hesabında Arif Hacılı "yurd"çulara qəzəbli cavab yazıb.
Arif Hacılı statusunda yazır: "Bir sıra tanınmış AXCP üzvlərinin də bəyəndiyi bu yazılar Əli Kərimlinin birlik mövzusundakı çıxışından sitatlarla yanaşı verililib. Əvvəla, əgər İsa Qəmbəri, Arif Hacılını, Mirmahmud bəyi, başqalarını "satqın" adlandırırsınızsa, birlikdən danışmaq nədir? İkincisi Əli Kərimli mənim, qardaşlarımın hansı əlaqələrini aşkar edib.
Tanınmış siyasətçilərdən yeganə adamam ki, iki dəfə uzun müddətə, dəfələrlə isə qısa müddətə həbs olunmuşam. Qardaşlarım da həmçinin. Hakimiyyətə qarşı mübarizəyə gəldikdə isə Əli Kərimlinin heç vaxt mənim getdiyim yerə qədər getdiyini görməmişəm. Heç mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin İsa Qəmbəri, məni, mənim silahdaşlarımı, o cümlədən, qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqqı yoxdur. Bu müttəfiqlik münasibətləri deyil. Bu düşmənçilik də yox, qəvi düşmənçilik münasibətidir". Göründüyü kimi Arif Hacılının əsəb müharibəsinə dözmədiyi aydın olur. Belə görünür ki, açıq savaşı başladan tərəf "Yurd"dur. Onlar Müsavat daxilində Arif Hacılı qanadını vurmaqla, Müsavatı zəif salmaq, müxalifət düşərgəsində təkləmək istəyirlər. Pənah Hüseynin açıqlaması göstərir ki, İsa Qəmbər də Arif Hacılını müdafiə edəcək. Bu halda AXCP-Müsavat müttəfqiliyinin son günləridir demək olar.
Aydın