Vətəndaşların mütləq əksəriyyəti İlham Əliyevə səs verəcək - AÇIQLAMA
26 Dekabr 2012 14:18 Siyasət"2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan prezidenti mandatı ilə təmin edəcəklər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov yap.org.az saytına müsahibəsində səsləndirib. YAP rəsmisi deyib ki, bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uğundur: "Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq". Əli Əhmədov deyib ki, YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb: "Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq".