“AXCP heç vaxt Müsavatın əleyhinə qara piar aparmaz” - MÖVQE
Asəf Quliyev: “Müəyyən qüvvələr var ki, məsələni şişirdirlər”
26 Dekabr 2012 12:58 SiyasətMüsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı facebook sosial şəbəkədə AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edərək AXCP-ni Müsavat qarşı qara piar aparmaqda günahlandırıb. AXCP tərəfi bu iddia ilə razılaşmır. "Bildiyiniz kimi İctimai Palata AXCP və Müsavatın birləşdirən bir qurumdur. İP-in iki ayrı təfəkkürə malik olan partiyalardan yaranması cəmiyyətdə birmənalı qarşılandı" deyən AXCP sədrinin müavini Asəf Quliyevin sözlərinə görə, bu gün istər İP daxilində, istərsə də Palatadan kənarda hər iki partiyanın öz strateji xətti var, Müsavat öz seçki strategiyasına, AXCP-də öz seçki strategiyasına malikdir: "Ona görə də iki partiya arasında müəyyən mübahisəli məsələlər yaranır, buna normal baxmaq lazımdır. Bu gün AXCP-in hər hansı funksionerlərindən biri Müsavatın, Müsavat başqanının əleyhinə kəskin ifadələr işlətmir, qara piar aparmır. Ola bilər ki, sosial şəbəkələrdə partiyaya aidiyyatı olmayan sıravi üzvlərindən biri Müsavata qarşı hər hansı kəskin bir söz desin, bu demək deyil ki, Müsavat və AXCP arasında hər hansı bir gərginlik var. Müəyyən qüvvələr var ki, məsələni şişirdirlər, bu düzgün hal deyil". ("OLAYLAR" İA)