Dünya hələlik kamil dünya deyil - Novruz Məmmədov
26 Dekabr 2012 12:22 Siyasət"ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilsə də, buna ehtiyac olduğunu düşünmürəm". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına verdiyi müsahibədə Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səsləndirib. Novruz Məmmədovun sözlərinə görə, əgər həmsədr ölkələr, tələbkar olsalar, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasında iradə göstərsələr, onda müvafiq nəticə əldə oluna bilər və heç formatın dəyişidirilməsinə ehtiyac da qalmaz: "Amma çox təəssüflər olsun ki, biz hələ ki bunu görmürük. Mən bu barədə bir neçə dəfə demişəm. Yenə təkrar etmək istəyirəm ki, bu dünya hələlik kamil dünya deyil. Beynəlxalq münasibətlərdə gedən proseslər kamil deyil. Bu gün dünya təkcə iqtisadi və maliyyə böhranı keçirmir. Bununla bərabər, dünyada beynəlxalq hüquq problemi yaşanır. Və çox təəssüflər olsun ki, Qərbin özündə bir sıra dairələrin çox güclü şəkildə Ermənistanın yanında olduğu görünür. Göz görə - görə proseslərə özlərinin yanaşmasını ortaya qoyurlar".