"Bağdad kürdlərin müstəqilliyini tanıya bilər" - Elxan Şahinoğlu

“Bu, regionda böyük problemlərə yol aça bilər”

İraqın "əl-Sabah" qəzetinin iddialarına görə, rəsmi Bağdad Şimali İraq Kürd dövlətini rəsmən tanıya bilər. Siyasi analitiklər bunu İraq prezidenti Cəlal Təlabaninin kürd olması ilə izah edirlər. "Cəlal Təlabaninin özü də kürddür və o da vaxtilə İraqın şimalında kürd qruplaşmaları ilə birgə fəaliyyət göstərib və Səddam Hüseynə qarşı mübarizə aparıb. Hal-hazırda o, İraqın prezidentidir və bir dövlət başçısı da öz ölkəsinin parçalanmasını istəməz" deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, digər tərəfdən isə Şimali İraq müəyyən məsələrdə rəsmi Bağdada tabe olub: "Bir müddət qabaq baş nazir Nuri əl-Maliki məsələni güc yolu ilə həll etmək istədi və Şimali İraqa qoşun göndərdi. Sonradan məlum oldu ki, bu qarşıdurma çox böyük itkilərə səbəb ola bilər, ona görə də kürd məsələsi donduruldu. Faktiki olaraq Şimali İraq Kürd dövləti müstəqilliyə yaxın statusa malikdir, hətta orada olan mədənlərdən çıxarılan nefti də hökumətlə bölüşmürlər. Kürdlərin tək həll olunmayan məsələsi qalıb o da müstəqilliklərini rəsmən tanıdırmaqdır. Kürdlər hələlik gözləmə mövqeyində dayanıblar, bu kürdlərin çoxdankı istəyidir ki, müstəqil dövlətləri olsun. Bu istəyi indiki məqamda həyata keçirmək mümkün deyil, çünki bu regionda böyük problemlərə yol aça bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00