İctimai Palata dinc şəkildə dağıla bilərmi? - SİYASİ ANALİZ

AXCP Müsavatı ictimai rəydə suçlu çıxarmağa çalışır

Ənənəvi müxalifətin son illərdə yaratdığı ən uzunömürlü birlik olan İctimai Palata dağılmaq ərəfəsindədir. "Azadlıq" blokunu dağıdıb Müsavatla birlik yaratmış AXCP-nin ümidləri doğrulmayıb. Müsavat qarşıdakı seçkilərdə Cəbhəyə güzəşt etmək niyyətində deyil. Halbuki son iki ildə AXCP-nin gözləntisi bu idi. İsa Qəmbər demişdi ki, Müsavat başqanlığından gedəcək. AXCP-də də düşünürdülər ki, İsa Qəmbər gedəcəksə, deməli Müsavat başsız və başqansız qalacaq. Hesab olunurdu ki, Müsavata Arzu Səmədbəyli və ya ona bənzər zəif bir siyasi fiqur başqan seçiləcək və bu da AXCP-nin işini asanlaşdıracaq. AXCP başqanın zəifliyindən istifadə edib Müsavat elektoratını ələ keçirəcək. Amma AXCP-nin ümidləri doğrulmadı. Müsavat rəhbərliyi dolayı yolla yeni başqanın Arif Hacılı olacağını bildirdi. Arif Hacılının İsa Qəmbərlə birgə Almaniyaya səfəri başqanlıqdan əli çıxan Sülhəddin Əkbər, İbrahim İbrahimli və Qabil Hüseynlinin partiyadan getməsi ilə sonuclandı. Arif Hacılının ABŞ-a təkbaşına səfəri isə AXCP-ni  tamam özündən çıxarıb. AXCP-də hesab edirlər ki, Arif Hacılının səfəri artıq başqan kimi təqdimatıdır. Əli Kərimlinin partiyasında yaxşı bilirlər ki,  Arif Hacılı zəif fiqur deyil və Müsavat İsa Qəmbərdən sonra o qədər də hiss olunacaq güc itirməyəcək. Müstəqilliyə səs vermiş deputatlardan biri kimi Arif Hacılı Elçibəy komandasında Əli Kərimlidən üstün mövqedə olub. Sonrakı proseslərdə Arif bəy Əli Kərimlidən daha ardıcıl və prinsipiallığı ilə seçilib. Bu gün Müsavatda başqanlığa ondan layiqli namizəd yoxdur. Arif Hacılı başqan olarsa AXCP sədri Müsavatın elektoratını dağıda bilməyəcək. AXCP-ni əsəbləşdirən də budur. Artıq iki həftədir ki, AXCPyanlı yazarlar, siyasi fəallar sosial şəbəkələrdə Müsavatı, onun başqanını hədəfə alıblar. Əsas ittiham da budur: İsa Qəmbər nədən vahid namizədliyi Əli Kərimliyə, Müsavatın elektoratını isə AXCP-yə güzəşt etmədi. Məlumdur ki, İsa Qəmbər namizədliyini irəli sürüb, bü günlərdə partiya Divanı bu qərarı təsdiq edib. İsa Qəmbərin vahid namizəd olması AXCP-nin İctimai Palataya olan ümidlərini puça çıxarıb. Hazırda İP AXCP-yə lazım deyil. Vahid namizəd olmadan qurumun yaşamasına gərək yoxdur. Bu halda İP-in yaşaması pariyaların seçki hazırlığına mane olacaq. Amma İctimai Palatanın ağrısız dağılması da hər iki tərəfə faydalı olardı. Hazırda AXCP ilə Müsavat tərəfdarları arasında söz atışması, qarşılıqlı replikalar davam edir. Aşkar görünür ki, İP, AXCP-Müsavat müttəfiqliyi uzun yaşamayacaq. Amma hazırkı situasiya da narahatlıq doğurur. İctimai Palatanın bir sıra yetkililəri hesab edir ki, Müsavatla AXCP dinc şəkildə ayrıla bilər və bu zaman müxalifət ciddi itki verməz. Amma yaxın illərin təcrübəsi göstərir ki, İctimai Palata dinc şəkildə parçalana, AXCP Müsavatdan mehribanlıqla ayrıla bilməz. Parçalanma hər zaman "xəyanətkar", "satqın" damğaları ilə müşahidə olunur. Kim özünü təmizə çıxarmağı, qarşı tərəfi ictimai rəyin gözündən salmağı bacarırsa, o da üstün olur, yaranacaq yeni siyasi qurumda söz sahbi olur. AXCP fəallarının aktivliyi təsadüfi deyil. AXCP texnoloqları istəyir ki, Müsavatı suçlu çıxarsın, müxalifətin birliyini pozmaqda ittiham etsin. Bu ittihamlar nə qədər inandırıcı olsa, AXCP ana müxalifət statusuna daha çox iddia edə bilər.  Müsavat İctimai Palatanın dinc şəkildə buraxılmasını istəyir. Amma AXCP buna razı olmayacaq. Böyük ehtimalla, AXCP Müsavatı müxalifətin birlyinə mane olmaqda, hakimiyyətin əlinə oynamaqda suçlayıb İP-i tərk edəcək. Və partiyalar arasında söz atışmasının, qarşılıqlı ittihamları növbəti mərhələsi başlayacaq.

Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00