Rəsul Quliyevin Azərbaycan həyatından məlumatı yoxdur
25 Dekabr 2012 13:18 Siyasət"Rəsul Quliyevin Azərbaycan siyasətindən, eləcə də Azərbaycan həyatından artıq məlumatı yoxdur". Bu fikirləri "OLAYLAR"-a Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı ACP liderinin "Əli Kərimli və İsa Qəmbərin seçkilərdə qələbə qazanmaq potensialı yoxdur" açıqlamasına münasibət bildirərkən səsləndirib. Gülağa Aslanlı deyib ki, Rəsul Quliyev tez-tez bir-birini təkzib edən açıqlamalar verir: "Maraqlıdır ki, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev bir həftə ərzində bir-birinin əksinə olan fikirlər səsləndirir. Son bir neçə ay ərzində Rəsul Quliyevin dəfələrlə on gün əvvəl söylədiyi fikirlərin on gün sonra tamam başqa formada dediyinin şahidi oluruq. Rəsul Quliyev gah müxalifət partiyalarınınn İctimai Palata ilə birlikdə olmasını vacib sayır, gah da Əli Kərimlinin digər müxalifət liderləri arasında daha şanslı olduğunu bildirir. Son müsahibəsində isə Rəsul Quliyev İsa Qəmbər və Əli Kərimlinin prezident seçkilərində qələbə qazanmaq potensialı olmadığını deyib". Gülağa Aslanlının sözlərinə görə, ACP liderinin bir-birini təkzib edən açıqlamaları Azərbaycan cəmiyyəti tərəfindən qeyri-ciddi qəbul edilir.