Müxalifətin müəllim, həkim və stomatoloq partiya sədrləri

Cümşüd Nuriyev: “Əksəriyyətinin harizması, hazırcavablığı yoxdur, beynəlxalq prosesləri izləyə bilmirlər”

Azərbaycan müxalifətinin ən böyük problemlərindən biri də regionda və dünyada baş verən hadisələrə heç bir reaksiya verməmələridir. Təkcə son Suriya, Fələstin hadisələrilə bağlı Azərbaycan müxalifəti nə beynəlxalq təşkilatlara, nə də ki, münaqişələrdə əli olan dövlətlərə etiraz bəyanatı göndərməyib. Türkiyə müxalifəti nümunəsində tam şəkildə demək olar ki, müxalifət partiyaları bu tip məsələlrdə passivlik nümayiş etdirirlər. Bu fonda da Azərbaycan müxalifəti daxili siyasət çərçivəsindən kənara çıxa bilmir. "Azərbaycanda müxalifət partiyaların beynəlxalq məsələlərə reaksiya verməməsinin səbəbi partiya sədrlərinin əksəriyyətinin müxtəlif ixtisaslara sahib olmalarıdır. Xarici dövlətlərin partiya rəhbərlərinin çoxu iqtisadçı, hüquqşünas və politoloqlardır" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycanda isə həkimdən tutmuş müəllimə, stomatoloqa qədər partiya sədri var: "Bunların da istər istəməz baza təhsili, dünyagörüşü bu tip məsələləri araşdırmaq üçün analitik təhlil etmək imkanı vermir və analitik təhlil qabiliyyəti olmadıqları üçün partiya sədrləri öz fəaliyyətlərini daxili siyasətlə məhdudlaşdırırlar. Həmçinin partiya sədrlərində kompleks var və onlar özlərini cəmiyyətə populistcəsinə tanıtdırmaq üçün istənilən yollardan çıxırlar. Əksəriyyətinin harizması, hazırcavablılığı yoxdur, beynəlxaq prosesləri izləyə, dünyada baş verən hadisələrin sonluğunu əvvəlcədən qabaqlaya bilmirlər, onların piar sistemi yoxdur. Müxalifət partiyalarının çoxu iqtidardan pay qoparmağa çalışan partiyalardır. Yaxud da partiya sədrləri ayrı-ayrı nazirləri şantaj eləmək, bu və ya digər formada ayrı-ayrı nazirlərin kürsüsünü qorumaq üçün iqtidarla dövlət məmurları arasında bir növ bölgüdə kimin daha çox pay götürməsi kimi istifadə olunan siyasət şəkli formalaşdırıblar. Ona görə də Azərbaycan müxalifətini beynəlxalq aləmdə də tanıyan, qəbul edən də yoxdur. İstisna hallarda AMİP, Sosial Demokrat və Müsavat partiyaları bu tip məsələrdə iştirak edirlər. Bu cür passiv fəaliyyətlərinə görə mərhum Heydər Əliyev demişkən Azərbaycan müxalifətini Biləcəridən o tərəfə tanıyan yoxdur" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00