Kreml və İran Azərbaycandan qorxur - REGİON

İsrail-İran münaqişəsi güclərin nüvə savaşına çevrilə bilər

Fars körfəzində vəziyyət gərginləşdikcə Kreml bu müharibəyə qarşı bütün diplomatik təsir qüvvələrindən istifadə edəcək. Rusiyanın İrana qarşı öz planları var. Rəsmi Moskva İsrail və ABŞ-la müqayisədə İranın müharibə vaxtı müttəfiqlərin qarşısına onlara cavab verə biləcək gücdə hərbi texnika çıxara bilməyəcəyini yaxşı başa düşür. Digər tərəfdən də müttəfiqlərin İranı məğlub edəndən sonra regionda möhkəmlənmək qorxusu Rusiyanı ehtiyatlı olmağa çağırır. İsrail və ABŞ-ın regionda möhkəmlənməsi Rusiyanın Cənubi Qafqaza olan planlarını poza bilər. Kremlin Şimali Qafqaza hərbi qoşun cəmləməsinin əsl səbəbi də bununla bağlıdır. Rusiyanın İrana qarşı qoyulan iqtisadi sanksiyalara qarşı çıxmasının da arxasında müəyyən edilmiş məqamlar var. Rəsmi Moskva Qərbə və ABŞ-a qarşı etiraz notasını Çin və Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə ünvanlayır. Yəni Qərbin və Amerikanın İrana müharibə edəcəyi təqdirdə Rusiya, Çin və ŞƏT üçbucağı müttəfiqlərin qarşısında olacağını bildirirlər. Rusiya artıq İsrail və ABŞ tərəfindən İrana mümkün hərbi müdaxilə üçün son bir neçə ay ərzində intensiv hazırlıq həyata keçirir. Şimali Qafqazda rus qoşunlarının yerləşdirilməsi intensiv xarakter alıb, Xəzər dənizində raket bölmələri yerləşdirilib. Rusiyanın Xəzər donanmasında olan olan raket sistemləri Dağıstan sahillərində sınaqlardan keçirilir. Ermənistanda da yerləşdirilən hərbi bazalar müttəfiqlərə mümkün müharibə variantı tətbiq olunacağı təqdirdə müdaxilə siqnalı verir.

Kreml və rəsmi Tehran Azərbaycandan niyə qorxur?

Rusiyanın Suriyanın Aralıq dənizi sahilindəki Tarsus Hərbi Dəniz bazasını da nəzərə alsaq müharibə vaxtı Rusiya rəsmi Tehrana dəstək verəcək. Rusiyalı politoloqların fikirlərinə görə, İsrail və ABŞ-ın İrana qarşı müharibəsi Rusiyaya müharibə deməkdir. Kreml İrana qarşı müharibəni Şimali Qafqazda sabitliyin pozulması və Xəzər hövzəsində Rusiyanın mövqeyinin zəiflədilməsinə qarşı olduğunu bəyan edir. Moskva Cənubi Qafqaz faktorundan narahatlıq keçirir. Çünki, Gürcüstan və Azərbaycan Rusiya ilə müqayisədə ABŞ və İsraillə geniş iqtisadi əlaqələrə sahibdir. Kremlin regionda yeganə müttəfiqi Ermənsitandır. Kreml son anda Azərbaycanın İsrail və Amerika Birləşmiş Ştatları ilə hərbi itifaqda iştirak etməsindən qorxur. Rusiya bunun baş verməməsi üçün İran və Azərbaycan arasındakı gərginliyin aradan qalxmasında maraqlıdır. Digər tərəfdən də rəsmi Tehran Azərbaycanı İsrail və Amerika kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib. Rusiya və İran Azərbaycanın hərbi xərclərini dəfələrlə artırmasına diqqət edərək İsraildən 1.6 milyard dollar məğbləğində raket müdafiə sistemləri aldığını bildirirlər. Bir neçə ay bundan qabaq Amerikanın "Foreign Policy" jurnalının Azərbaycanla bağlı yazdığı məqalə hələ də Rusiya və İran mətbuatının gündəmindən düşmür. Jurnal Azərbaycanla bağlı yazmışdı: "İsrail özü üçün yeni hərbi poliqon alıb, poliqonun adı Azərbaycandır". Məqalənin müəllifi Mark Perri müttəfiqlərə yalnız Fars körfəzindən hücuma keçmək üçün müharibə planı lazım olduğunu demişdi. Azərbyacan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan İrana hücum üçün İsrailə başlanma nöqtəsi ola bilməz. Çünki, Azərbyacan tərəfi yaxşı başa düşür ki, Ermənsitanla arada olan gərgin vəiyyəti nəzərə almasa bu yeni müharibə ocağının meydana gəlməsinə səbəb olacaq.

Obama və Putinin gizli qapılar arxasında uzlaşa bilmədikləri məsələ

Rus politoloqların fikirlərinə görə Rusiyanın müharibəyə müdaxilə etməsi müharibənin istiqamətini Rusiya-ABŞ səviyyəsinə dəyişəcək. Digər tərəfdən də ABŞ və NATO-nun müharibəyə başlaması bölgədə nüvə silahından istifadə riskini qaçılmaz edəcək. Çünki, Rusiya ABŞ-dan sonra ikinci ən böyük nüvə arsenalına sahibdir. İran-Rusiya münasibətləri kontekstində Vaşiqton heç də iki dövlətin yaxınlıq əlaqələrindən məmnun deyil. Ağ Evin bütün səylərinə baxmayaraq farslara qarşı həm maddi, həm də hərbi rus dəstəyi davam etdirilir. Rəsmi Moskvanın əsasları çərçivəsində davam edən bu əlaqələr rəsmi Vaşinqton tərəfindən qəbuledilməzdir. Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı sanksiyalar qoyularkən davam edən rus güzəştləri Amerika və Qərb tərəfindən çox ciddi təpkilərlə qarşılandı. Rusiyanın İrana qarşı dəstəyini kəsməsi üçün Qərb və Amerika gizli şəkildə Kremllə uzlaşma siyasətinə girdi. Lakin, rəsmi Moskva bütün şərtləri rədd elədi. Rusiya prezidenti Vladimir Putinin ABŞ hökumət başçısı Barak Obama ilə razılığa gələ bilmədikləri əsas məqam məhz İranın parçalanması məsələsi oldu. İranın parçalanması heç də Rusiyaya sərf edən nəticə deyil. Çünki, bu siyasət Rusiyanın yaradcağı Avrasiya İttifaqının prinsiplərinə ziddir. Həmçinin müttəfiqlərin Rusiyanın əhatə dairəsində möhkəmlənməsini rəsmi Moskva özünə qarşı ciddi təhdid sayır. Ortada olan digər məsələ üstün gücü göstərməkdir. Prinsip etibarilə Putin sübut etmək istəyir ki, Rusiya heç də nə Qərb, nə də ki, ABŞ-dan zəif deyil. İstər İrana qarşı sanksiya, istərsə də İsrail-İran müharibəsinin gərginləşdiyi indiki məqamda Kreml bəyan etmək istəyir ki, İrana qarşı müharibə Rusiyaya silah çəkməkdir. Bu soyuq reallıq Ağ Ev və Kreml tərəfindən hansı istiqamətə dəyişdiriləcəyini isə tarix bəlli edəcək.
 

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00