Molla rejimindən hiyləgər gediş - REGİON

Höccətülislam Amili ana dili məsələsində səmimi deyil, rejim türklərin dəstəyini almaq istəyir

Adətən, Azərbaycan Respublikasına qarşı təxirbatçı çıxışları ilə yadda qalan Güney Azərbaycanın tanınmış din xadimi, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili yeni açıqlamalar verib. Bu dəfə Amili açıqlamasında molla rejimini hədəfə alıb.
Bir sıra KİV-lər höccəttülislam Seyid Həsən Amilinin açıqlamasını rejimə meydan oxuma kimi qələmə veriblər. "BayBak"a xəbər verir ki, Xiyav (Meşkinşər) Azad Universitetinin təşəbbüsü ilə keçirilən seminarda çıxış edən cənab Amili, İran adlanan ölkədə panfarsizmin təhlükəsindən danışıb. Bildirib ki, bu sistemlə mübarizə aparmaq üçün Ərdəbildə panfarsistlərin kim olduğunu müəyyənləşdirib və öz çalışmaları ilə bunun qarşısını alıb. Höccəttülislam Həsən Amili qeyd edib ki, dövlətin vəzifəsi ana dillərini qorumaqdır: "Bu yolda islam hakimiyyətinin daha ağır vəzifəsi vardır. İslam hökuməti demokratik hökumətdir və əgər xalq səs verərsə, hər bir dil rəsmi ola bilər. İranda əhalinin çoxunun dili türkcədir, ancaq azlıqda olan farsların dili yeganə dil olaraq Konstitusiyada əksini tapıb. Bu isə fars olmayan xalqların etirazına səbəb olub". Höccəttülislam Həsən Amili daha sonra dyeib ki, özü şəxsən əsl türk sözlərini toplayıb və hətta "Azərbaycan Türkcəsi" dil ocağının təsis edilməsi barədə dövlət yetkililərinə muraciət edib. İranda qeyri-fars millətlərinin milli kimliyi və dili məsələsi ilə bağlı Amilidən də yüksək rütbəli şəxslər fikir bildiriblər. Hələ prezident seçkiləri zamanı Mehdi Kərrubi qeyri-farsların öz ana dilində məktəblərinin olmasını vacib saymışdı. Ondan sonra təbrizli deputat Əkbər Ələmi türk dilinin statusunun qaldırılması ilə bağlı açıqlamalar vermişdi. Türkiyə və Azərbaycana qarşı irticaçı fikirləri ilə yadda qalan Amilinin birdən-birə türk dilinin qayğısına qalması şübhəli məsələdir. Amili dini liderin adamıdır, İranda dini liderlik sistemi molla rejiminin bel sütunudur və əsas ideyalogiyası da panfarzismdir. Bunu bilməyən adam Ərdəbilin imam-cüməsi ola bilməz. Bundan öncəki açıqlamaları yaddaşlardadır və aydındır ki, Amili molla rejiminin ən inanılmış, sınaqdan keçmiş adamıdır. Belə bir adam təsadüfi bəyanat verməz. Veribsə, deməli, bu molla rejiminin taktikasıdır. Son vaxtlar İran ətrafında həlqə daralıb. Türkiyədə NATO-nun "Patriot" raket komplekslərinin yerləşdirilməsi İranı əndişəyə salıb. Kiməsə sirr deyil ki, bu raketlər Suriya rejimindən qorunmaqdan daha çox İran əleyhinə yerləşdirilib. İran bu arada Azərbaycan Respublikası, Türkiyə ilə münasibətləri sahmana salmaq, zorən mehriban görünmək zorundadır. Aşura günlərində Azərbaycanda hər il əzələ nümayiş etdirən İran bu il Məhərrəmliyi zəif keçirdi. Təbii ki bu, bir ilıq jest idi. İran Qərbin hədəfindədir, Suriya rejimi çökən kimi molla rejimin ağrılı günləri başlanacaq. İran hakimiyyəti qeyri-fars millətlərinə yönəlik reveranslar etməklə İranın milli birliyini qorumaq, xalqı səfərbər etmək məqsədi güdür. İran rejimi səmimidirsə, təcili olaraq türk dilinə status verməli, onu ikinci dövlət dili elan etməlidir. İran Konstitusiyasının 15-ci maddəsi işə salınmalı, türk dilində təhsil hüququ bərpa edilməli, qəzet, jurnallar nəşr edilməli və teleradio verilişlərinin yayımına başlanılmalıdır. İran rejimi sözsüz ki, bunu etməyəcək. Amilinin türk dili ilə bağlı açıqlaması hər dəfə çətinə düşəndə hiyləgər gedişlər edən molla rejiminin növbəti hoqqabazlığından başqa bir şey deyil.
 

Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00