AXCP Müsavatla savaşa başladı - SİYASİ ANALİZ
Əli Kərimlinin adamları İsa Qəmbəri aşağılayır, partiyalar arasında son bağlar da qırılır
24 Dekabr 2012 14:40 SiyasətAXCP Ali Məclisinin Müsavat qərargahında keçirilən toplantısında bir daha vahid namizəd məsələsinə toxunulub. AXCP yanlı mətbuat yazır ki, Əli Kərimli bir daha problemin həlli yollarını göstərib, vahid namizədlikdən çəkilmək istədiyini açıqlayıb. Amma AXCP fəallarının sosial şəbəkələrdəki fəaliyyəti, Müsavat əleyhinə apardıqları qara piar AXCP sədrinin sadəcə oyun oynadığını sübut edir. AXCP və onun sədri güzəştsizdir. O, qarşıdakı prezident seçkilərində müxalifətin əsas namizədi olmaqda qərarlıdır. Bunun üçün o, Müsavatdan güzəşt istəyir. İstəyir ki, Müsavat başqanı AXCP sədrinin vahid adaylığını dəstəkləsin, bunu bəyan etsin, Müsavatın bütün resursları Əli Kərimliyə çalışsın. AXCP də yaxşı bilirlər ki, bu addım Müsavatın parçalanması ilə sonuclana bilər. Amma AXCP 2003-cü ildə etmədiyi fədakarlığı Müsavatdan umur. O zaman AXCP müxalifətin ən şanslı namizədini yox, AMİP sədri Etibar Məmmədovu dəstəklədi. Bununla həm AMİP-i sıradan çıxardı, həm də müxalifətin ümumi işinə zərbə vurdu. Bu gün AXCP-nin Müsavatdan güzəşt ummağa heç bir mənəvi haqqı yoxdur. Bunu AXCP-də də, Müsavatda da bilirlər. Amma...
Bunu bilə-bilə Müsavata qarşı qara piar aparılır, İctimai Palatanın dağılmaısna aşkar səy göstərilir. Görünən odur ki, AXCP-də İP-dən çıxmaq, Müsavatdan ayrılmaq qərarı artıq verilib. AXCP sədrinin müavini Asəf Quliyev bildirib ki, İP daxilində razılaşma əldə olunmasa, AXCP kənarda vahid namizəd məsələsinin həllinə çalışacaq. Göründüyü kimi müavinlərin açıqlamaları ilə sədrin mövqeyi üst-üstə düşmür. Bu arada xəbər yayılıb ki, "Asiman" restoranında keçirilmiş görüşün davamı olacaq. Müsavat başqanı İsa Qəmbər görüşdə iştirak etməyəcəyini bildirib. Bu dəfə də AXCP sədri görüşə Müsavatsız getsə, İP-in dağılması qaçılmaz olacaq. AXCP-nin ADP qərargahında keçirdiyi görüşdəki ab-havaya uyğun qərarlar verməsi (o toplantı AXCP rəhbərliyində böyük ümidlər yaradıb) anlaşılandır. Belə görünür ki, ADP və digər İP-in dağılmasını istəyən partiyalar AXCP-yə vədlər veriblər. Əli Kərimlinin vahid adaylığı da elə həmin partiyalar tərəfindən dəstəklənəcək. AVİP, ALP kimi qüvvəsiz partiyaların dəstəyi AXCP-yə nə qədər faydalı olacaq, bu artıq başqa söhbətin mövzusudur.
Siyasi analitiklərin fikrincə, AXCP Fuad Qəhrəmanlı kimi gənc, təcrübəsiz siyasətçilərin ağlı ilə qərar versə, müxalifətin son 5 ildə əldə etdiyi əsas güc mərkəzi dağılacaq. Müxalifət ciddi uğura ümid edirsə, o zaman İP-in qorunmasına çalışılmalı, qurumun bazasında yeni siyasi blok yaradılmalıdır. Ən pis halda prezident seçkiləri kampaniyası başlayana qədər İctimai Palatanın bütövlüyü qorunub saxlanmalıdır. Əks halda bunun ziyanını AXCP də çəkəcək. Müsavat hələ sussa da, yəqin ki AXCP-nin qara piarına qarşı susqunluq uzun sürməyəcək. Müsavatın seçkilərdə iştirakı dəqiqdir və Müsavat öz namizədinin imicini qorumaq zorunda qalacaq.
Aslan