Xəzər hansı prinsiplər əsasında milli sektorlara bölünür?

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqların nəticəsi olaraq bu ölkənin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib. Lavrov bildirib ki, konvensiyanın mətni demək olar ki, hazırdır.

Hüquqi statusla bağlı məsələ niyə açıqlanmır?

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqların nəticəsi olaraq bu ölkənin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib. Lavrov bildirib ki, konvensiyanın mətni demək olar ki, hazırdır. Konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək Sammitinə təqdim olunacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər. Nazir qeyd edib ki, göstərilən səylər Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır. Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasına möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaq. Nazir əlavə edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olunub ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır. Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini qeyd edib. Lakin bütün sadalananlara baxmayaraq Xəzərin hüquqi statusu ilə bağlı hansı razılığı gəlinməsi məsələsi hələ də açqlanmır. Maraqlıdır, bəs indiyə qədər xəzəryanı ölkələr dənizin milli sektorlara bölünməsi ilə bağlı hansı məslələrdə razılığa gələ bilmirdilər?

Xatırladaq ki, Xəzər dənizinin bölünməsi ilə bağlı ilk dəf olaraq 1921-ci ilin 26 fevralında Rusiya ilə İran, 25 mart 1940-cı ildə isə SSRİ ilə İran arasında müqavilələr bağlanıb. Həmin müqavilələrə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir. Təxminən eyni məzmunlu hüquqi müqavilə 1935 və 1940-cı illərdə iki ölkə rəsmilərinin imzaladığı iki hökumətlərarası müqavilədə öz əksini tapıb. Bu müqavilələrə əsasən Xəzər dənizi faktiki olaraq iki hissəyə bölünmüşdü. İranın sahil sərhədlərindən dənizin orta xəttinə qədər olan hissə İranın, qalan hissə isə SSRİ-nin ərazisi hesab olunurdu. Daha doğrusu dəniz səthinin 14 faizi İrana, 86 faizi isə Sovet İttifaqına düşmüşdü. İki ölkə arasında 1954, 1956 və 1957-ci illərdə həyata keçirilmiş sərhəd demorkasiyası zamanı da bölgü əsas götürülmüş və İranın Xəzər sərhədlərinin başlanğıcı Azərbaycanın Astara - Türkmənistanın Həsənqulu yaşayış məntəqələrindən- dənizin orta xəttinə qədər- düz xətt üzrə müəyyən edilmişdir. O dövrün bütün siyasi xəritələrində bu bölgü prinsipal olaraq sərhəd hüdudu olaraq göstərilmişdir. SSRİ isə öz daxili qaydalarına müvafiq Xəzər dənizinin ona aid olan 86%-lik ərazisini milli təsərrüfat işləri aparmaq və s. məqsədlərlə 1970-ci ildə dörd xəzərətrafı respublika arasında - Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini müəyyən etmişdir. 1992-ci ildə SSRİ-nin dağlıması ilə əlaqədar Xəzər ətrafında SSRİ-nin tərkibindən çıxmış 4 yeni müstəqil dövlət meydana gəlir. Xəzər dənizinin yeni geosiyasi statusu onun karbohidrogen yataqlarının mənsubiyyətini, su hövzəsində iş aparmaq hüququnu və üstün mövqe haqqını, dənizin xəzərətrafı ölkələr arasında bölüşdürülməsini məsələsini gündəmə gətirir.

Xəzər hövzəsinin gələcək dünya siyasətindəki geosiyasi yeri və mövqeyi, dənizin təbii enerji qaynaqlarının, bioresurslarının istifadəsi, hovzədə dövlətlərarası münasibətlərin qurulması və idarə olunması və bu kimi digər mühüm geostrateji məsələlərdə bölgə ölkələrinin fərqli təklif və mülahizələri ortaya çıxmağa başlayır. Əsas fikir ayrılığı İran, Rusiya və Azərbaycan arasında müşahidə olunduğuna görə, ilkin fərqli təkliflər və bir-birini təkzib edən mövqelər də də məhz bu üç ölkə rəsmilərindən gəlirdi. Xəzər hövzəsində transmilli enerji layihələri ilə bağlı ilk təklif Azərbaycandan gəlmişdir. 1992-1993-cü illərdə Azərbaycanın Xəzər dənizində xarici transmilli şirkətlərlə birgə enerji layihələri həyata keçimək istəyini bəyan edir və dərhal da bəzi bölgə ölkələrnin etirazı ilə qarşılanır. Azərbaycanın Xəzərlə bağlı gələcək geoiqtisadi niyyətləri açıqlanar-açıqlanmaz Rusiya və İran buna etiraz etməyə və öz etirazlarını müxtəlif amillərlə əsaslandırmağa cəhd göstərirlər. Xəzərin statusunun ciddi şəkildə ortaya atılması və onun ətrafında regional və beynəlxalq münaqişə yaratmaq cəhdini ilk dəfə 1993-cü ildə Rusiyanın bəzi diplomatik dairələri göstəriblər. Həmin vaxt Rusiya Xarici işlər nazirliyi belə bir bəyanat verir ki, Rusiya SSRİ-nin yeganə varisi olduğu üçün, İranla bağlanmış 1921 və 1940-cı illər müqaviləsinə uyğun olaraq "Xəzər dənizində həyata keçirilən hər hansı fəaliyyətə görə mütləq şəkildə onun və İranın razılığı alınmalıdır".  Azərbaycanın mövqeyi is ondan ibarət olur ki,  Rusiyanın bu dövrdəki Xəzərin statusu ilə bağlı bütün qeyri-konstruktiv cəhdlərinə ardıcıl və davamlı şəkildə sinə gərən yeganə ölkə Azərbaycan Respublikası olmuşdur. Bu məsələ ətrafında ümumiyyətlə əsas mövqe toqquşması da bu iki ölkə arasında yaşanmışdır. Azərbaycan israrla sübut edirdi ki, istər Xəzər "qapalı su hövzəsi" hesab edilsin, istər beş ölkənin sərhədində yerləşən "qapalı dəniz" olsun, Azərbaycanı reallaşdırmaq istədiyi layihələri və həyata keçirdiyi fəaliyyəti qətiyyən inkar etmir. Azərbaycan həm də bəyan edirdi ki, Xəzərdə enerji layihələri reallaşdırarkən, Azərbaycan hər zaman region ölkələrinin ortaq milli maraqlarını və beynəlxalq hüququ əsas tutur. Buna görə də Azərbaycanın fəaliyyəti heç bir Xəzərətrafıl ölkənin iqtisadi-siyasi maraqlarını pozmur, əksinə bölgədə hamı üçün bərabər, rəqabətə əsaslanan əməkdaşlıq şəraiti yaradaraq, bu layihələrdə iştirak etmək və onlardan öz xalqının maraqları üçün istifadə etmək, iqtisadi dividentlər qazanmaq imkanı təmin edir. Rusiyanın mövqeyindəki status məsələsindəki konstruktiv dəyişikliklər  Vladimir Putinin  2001-ci ildə Azərbaycana rəsmi dövlət səfəri çərçivəsində Azərbaycan prezidenti Heydər Əliyevlə imzaladığı "Xəzər dənizində birgə fəaliyyət" haqqında Bəyanatla reallaşır. Sənəddə  Azərbaycanın  təklif etdiyi "Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi" prinsipi cüzi dəyişikliklərlə öz əksini tapır. 2003-cü ildə Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin ora xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanır və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atırlar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qalır. Orta xətt prinsipini qəbul etməyən digər hövzə dövlətlərinin- İranın payı bu bölgü üzrə 13,8%, Türkmənistanınkı isə 18,4% təşkil edib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31