İsa Qəmbər əslində Əli Kərimliyə…
21 Dekabr 2012 15:49 SiyasətMüsavat başqanının hərəkətləri cəmiyyətdə fikir dağınıqlığına səbəb olur
Müxalifət Sovetlər Birliyinin dağılmasından sonra daha rahat idi. Yeri gəldi, gəlmədi nümayiş, mitinq keçiməyə daha həvəsli görünürdü. Müxtəlif partiyalar yaradıb, cürbəcür adlar da qoymağı xoşlayırdılar. Əllərində bayraq, ağ, qırmızı köynəklər geyinib saatlarla "Azadlıq" meydanında "istefa, istefa" şüarları ilə qışqır-bağır salmağa həvəsli idilər. İndi vəziyyət bir qədər dəyişib. Vəziyyətin bir başqa dona girməsinin səbəbkarı da məhz müxalifətin özdür. Sovetlər Birliyinin parçalanmasından sonra Azərbaycanda vahid idarəçlik hələ formalaşmamışdı və bu qarışıq vəziyyətdə müxlifətin hakimiyyət başına keçməsi daha real görünürdü və gəldilər də. Müxaliflərdən bir neçəsi mühüm dövlət vəzifələrində nazir, spiker və s. kimi postlara yiyələndilər. Bunun Azərbaycan tarixinə töhfəsi nə oldu? Bu sualın cavabını hər bir Azərbaycan vətəndaşı vicdanla bilir. Zaman keçdikcə müxalifət özü-özünü buxova saldı. Müxalifətə daxil olan partiya sədrləri dövlət vəzifələrində post tutmaq üçün savaşa çıxdılar. Partiya liderlərinin hansı məqsəd naminə siyasətə gəldikləri Azərbaycanda keçirilən hər prezident seçkisindən qabaq üzə çıxır. Bu müstəvidə müxalifət partiyalarının hər seçkidən qabaq yaratdıqları bloklar daxilində ortaq nəticənin hasil olmaması müxalifət ekranında göstərilən şounun kulminasiya nöqtəsidir. Məhz iki il bundan qabaq tamam ayrı məqsəd üçün yaradılan İctimai Palata da "Azadlıq Bloku" kimi süquta uğradı. Müəyyən müddət keçdikdən sonra öz missiyasını itirən İP tamam ayrı istiqamətə yönəldildi. İndi İctimai Palata 2013-cü il prezident seçkiləri qabağı müxalifət partiyalarının siyasi birliyi missiyasını həyata keçirmək üçün istifadə edilmək istənilir. Palataya daxil olan müxalifət partiyaları bu işin öhdəsindən necə gəlir, hər halda pərdəarxası və ictimaiyyətə məlum olan bütün proseslər göz qabağındadır. İP indiki məqamda vahid namizəd sindromundan əziyyət çəkir. 1998, 2003-cü illər prezident seçkilərində "Azaadlıq" meydanında kürəklərini biri-birinə çevirən partiya sədrləri bu gün Palata daxilindəki qarışıqlığı və böhranın əsl mənbəyidirlər. Çox maraqlıdır ki, İP daxilində böhranın baş verməsinə münasibət bildirən siyasi partiya yetkililəri Palata daxilində vəziyyətin bu yerə çatmasına vahid namizəd məsələsinin səbəb olduğunu deyirlər. Digər yandan da müxalifət nəhəngləri sayılan Müsavat və AXCP vahid namizəd məsələsində biri-birinə güzəştə getmək fikrində deyillər. Hər halda görünür ki, İsa Qəmbər Əli Kərimlini, AXCP sədri də Müsavat başqanını seçkilərdə özünə yandaş görmək istəmir.
Vahid namizəd məsələsindən növbəti açıqlama Müsavat başqanından gəldi. Mətbuata açıqlama verən İsa Qəmbər müxalifətin tarixi vahid namizəd məsələsinin indiki məqamda da mümkünsüz olduğunu bildirdi. Başqan məsələni bu cür izah elədi: "Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməılidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir...". Mətbuat başqanın fikirlərini gündəmə bu cür maşetlərlə gətirdi: "Müsavat başqanı vahid namizəd məsələsinə nöqtə qoydu!" Çox maraqlıdır ki, zəif də olsa İctimai Palata öz funksiyasını itirməyib və Palataya daxil olan Müsavat başqanı da seçkilərdə iştirak etmək üçün başqan postundan getməyə hazırlaşır. Əslində İsa Qəmbərin bütün bu fəaliyyətləri Azərbaycan cəmiyyətində fikir dağınıqlığına səbəb olur. İnsanlar ayırd edə bilmirlər ki, Müsavat başqanı nə demək istəyir. Başqanın bu çıxışından və siyasi məqsəd üçün etmək istədiyi post dəyişikliyi hər halda Müsavat və AXCP arasında olan soyuq münasibətlərin sözdə olmamasını göstərir. Başqan bir daha mətbuat vasitəsilə sədr Əli Kərimliyə mesaj ünvanladı. Bu nota ondan ibarətdir ki, İsa Qəmbər heç də Əli Kərimlinin də partiya sədri kimi fərdi şəkildə namizəd olmasına qarşı deyil. Yəni ki, qanunvericiliyə uyğun olaraq müxalifətə daxil olan bütün siyasi partiyaların seçkilərdə öz vahid namizədilə iştirak etmək hüququ var. İsa Qəmbər bir daha İctimai Palatanın əslində birlik olmadığını göstərdi.
Müxalifət sovetlərdən sonra daha rahat idi. Azərbaycanda baş verən anarxiya müxaliflərin işinə yarayırdı. Heç olmasa o vaxt nağıllardakı kimi göydən alma düşürdü...
Mənsur Rəğbətoğlu