İran ehtiyatlıdır, çünki Bəşər Əsəd gedir... - REGİON
Suriyada Əsəd rejimin devrilməsi fars hakimiyyətini qayğılandırır
21 Dekabr 2012 15:47 SiyasətSiyasi vəziyyətin hər keçən gün daha da kilidlənməsi Suriya rejimi üçün ciddi geriləmə sayılmalıdır. Bu müstəvidə Azad Suriya Ordusunun Əsəd rejimini devirməsi üçün mühüm məqam yetişib. Suriyanın bütün istiqamətlərində rejim əleyhdarları vətəndaş müharibəsinə qoşulublar.
Lakin, nizami ordu, həmçinin prezident Bəşər əl-Əsədin xüsusi qüvvələri (şabiha) hələ də müxaliflərə və bütün Suriya xalqına güc göstərməyə davam edir. İndiki məqamda maraq doğuran sual: "Suriya vətəndaş müharibəsi nə ilə nəticələnəcək?" Təəssüflər olsun ki, Suriyadakı qarışıqlıq haqqında düzgün proqnoz vermək çox çətindir. Çünki, iki cəbhənin də biri-birinə dirəniş göstərməsi hansı düşərgənin daha güclü olması fikirlərini alt-üst edir. Suriyada başa verən vətəndaş müharibəsi qəbilə və icma səviyyəsində baş verir. Suriya şabiha, radikal şiə qruplaşmaları, sünni intiqam qrupları, "əl-Qaidə", Suriya Azadlıq Ordusunun döyüş poliqonu rolunu oynayır. Digər tərəfdən Şimal-şərqi Suriyadakı kürdlərin sürətlə təşkilatlanması da Suriyada vəziyyətin gərginləşməsində katalizator rolunu oynayır. Çox maraqlıdır ki, Suriyadakı müharibə bir neçə məqsəd uğrunda davam etdirilir. Rusiya, İran və Çin Əsəd rejimini qurtarmaq üçün, ASO Əsədi devirmək üçün, "Hizbullah", "əl-Qaidə" insan ticarəti üçün, şiə və sünnilər məzhəb üstünlüyü, kürdlər ərazi iddiaları, İsrail, ABŞ və İngiltərə öz strateji maraqları naminə vuruşurlar.
Əsədi qurtarmaq üçün Tehranın radikal islamçı fraksiyaları da kömək olmadı
Suriya hadisələri müstəvisində ən maraqlı fiqur İran sayılır. Əsəd rejimi isə müxtəlif qüvvələrin münaqişəsi müstəvisində Suriyaya nəzarəti demək olar ki, itirib. Rusiya tərəfin Suriya sahillərinə böyük heyətlə döyüş gəmiləri göndərməsi və İran tərəfin bununla bağlı notaları Əsəd rejiminin sonunu çatdığına işarədir. İran çox çalışdı ki, Əsəd devrilməsin, bunun üçün İran İnqilab Gözətçilərinin çoxlu sayda hərbi heyəti açıq və gizli yollarla Dəməşqə göndərildi. Lakin, rəsmi Tehran heç nəyə nail ola bilmədi. Əsəd rejiminin devriləmsi İranın regionda ən axırıncı müttəfiqinin, Yaxın Şərqdəki sonuncu forpostunun itirilməsi deməkdir. İranın Suriyadakı vəziyyəti dəyişməsi üçün alternativ variantları yoxdur. İran İnqilab Gözətçiləri Suriya rejimini qorumaq üçün bir neçə dəfə Tehranda xüsusi yetişdirilmiş, heyəti 200-dən çox olan radikal islamçı fraksiyaları göndərdi və davam edir. Ərəb coğrafiyasında müharibələr Suriyaya çatanda hamı məhz Suriyadan yox, İrandan danışırdı. İsraillə münasibətlərdə İran Fələstin və Həmasla, Livanda "Hizbullah"la və Suriyada Əsəd rejimilə müttəfiqdın yanında olmanın bir dəyər ifadə etdiyini müdafiə edir. Çünki, İran-İraq müharibəsində İranın yeganə müttəfiqi Suriya olub. Suriya İranla müttəfiq olan yeganə ərəb dövləti sayılmalıdır.
Fars hakimiyyəti məzhəb döyüşündən geri çəkilməlidir
Bütün bu səbəblərə və baş verə biləcək İsrail-İran müharibəsinə görə Əsəd rejimin devrilməsi fars hakimiyyətini qayğılandırır. Əsədin getməsi İsrail, ABŞ və İngiltərə hərbi qüvvələrinin Suriyada yerləşdirilmədsi deməkdir. Suriya region dövləti olduğundan buradan İrana qarşı hərbi poliqon kimi istifadə etmək və zəfər əldə etmək heç də çətin olmayacaq. İranın Yaxın Şərqdə "Müsəlman Qardaşları" və digər sünni qruplarla olan əlaqələrinin soyuq olmasını nəzərə alsaq İranın vəziyyəti heç də ürəkaçan deyil. İranın Livandakı müttəfiqi "Hizbullah"la da əlaqələri demək olar soyuq məcraya istiqamətlənib. Regionda bütün müttəfiqlərini itirən İran heç müttəfiqlərə qarşı mübarizədə "Hizbullah"ı önəmli fiqur kimi tanımır. Suriyada vətəndaş müharibəsinin məzhəb savaşına dönməsi İranı bölgədən təcrid siyasətinə yönəldəcək. Çünki, əsasən şiələrin üstünlük təşkil etdiyi İran bölgədə tək şiə dövləti olan İraqla heç də dost əlaqələrinə sahib deyil. Sonrası da ki, İraqdakı Cəlal Təlabani və Şimali İraq Kürd Dövlətinin lideri Məsud Bərzani əsasən öz maraqları naminə Amerika istiqamətli siyasət izləyirlər.
İran bundan sonra bölgədə yeni bir gücə çevrilmək istəyirsə bütün siyasətini din təməlinə oturtmamalıdır. Əks təqdirdə sünni Səudiyyə Ərəbistanı və Qətər ilə də şiə İran arasında qırılma yaxşıca dərinləşəcək. İran Suriyadakı Əsəd rejimini qurtarmaq və bölgədə İsrail, ABŞ-a qarşı qalxan rolunu oynamaq istəyirsə Yaxın Şərqdə məzhəb döyüşünə dəstəkdən çəkinməlidir.
Mənsur Rəğbətoğlu