Rəsmi Bakının uğurlu xarici siyasət kursu
Azərbaycanın regionda artan gücü və nüfuzu getdikcə onun beynəlxalq aləmdə də siyasi çəkisinin artmasına gətirib çıxarır. Artıq dünyanın əksər ölkələri Cənubi Qafqazda məhz Azərbaycan amilinə üstünlük verərək bizimlə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməyə maraqlı görünürlər.
30 Noyabr 2017 14:48 SiyasətVə Bakıda keçirilən Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin görüşünün üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə mümkün təsirləri
Azərbaycanın regionda artan gücü və nüfuzu getdikcə onun beynəlxalq aləmdə də siyasi çəkisinin artmasına gətirib çıxarır. Artıq dünyanın əksər ölkələri Cənubi Qafqazda məhz Azərbaycan amilinə üstünlük verərək bizimlə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməyə maraqlı görünürlər. Bu gün istər Qərbdən Şərqə, istərsə də Avropadan Asiyaya qədər uzanan böyük bir coğrafiyada məhz Azərbaycan bir dövlət kimi daha cəlbedici fiqur, ölkə kimi xarakterizə edilir. Bunu müntəzəm olaraq ölkəmizə baş tutan yüsksəksəviyyəli səfərlər, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana reallaşan rəsmi və işgüzar səfərləri də təsdiqləyir. Paralel olaraq Azərbaycan da öz növbəsində ona olan beynəlxalq marağı nəzərə alaraq bizimlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək arzusunda olan ölkələr, nüfuzlu siyasi təsisatlar və qurumlarla əlaqələrə maraq göstərir, onu prioritet hesab edir. Başa vurmaqda olduğumuz 2017-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi onlarla xarici səfərlər fonunda bunu aydın görmək mümkündür. Dövlət başçısının istər Rusiya Federasiyası. Istər Türkiyə, istər İran, istərsə də okeanın o tayından tutmuş Avropanın ayrı-ayrı ölkələrinə qədər reallaşdırdığı xarici rəsmi və işgüzar səfərlər də Bakının onunla qarşılıqlı faydalı əməkdaşlığa maraq göstərən ölkələr və təşkilatlarla əlaqələrini bir qədər inkişaf etdirir. Ən son bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Brüssselə baş tutan işgüzar səfəri fonunda bunu aydın şəkildə müşahidə etdik. Prezident İlham Əliyevin istər Brüsseldə NATO qərargahında keçirilən görüşündə, Istərsə də Şərq Tərəfdaşlığı sammiti çərçivəsində iştirakı və aparılan danışıqlar bir daha onu sübut etdi ki, rəsmi Bakı ilə əməkdaşlıq hər bir ölkə, tərəf üçün maraq kəsb edir. Bunu şərtləndirən başlıca amillərdən biri isə Azərbaycanın öz müstəqil xarici siyasət kursu yürütməsi, bütün beynəlxalq sferalarda öz bitərəfliliyini qorumasıdır. Bir qədər də dəqiqləşdirsək balıanslaşdırılmış siyasət həyata keçirməsidir. Kifayət qədər uğurla həyata keçirilən bu xarici siyasət kursu beynəlxalq aləm, ayrı-ayrı dövlətlər tərəfindən də normal qarşılanır, Bakının bu mövqeyinı hörmətlə yanaşılır. Eyni zamanda həyata keçirilən balanslaşdırılmış və bitərəf xarici siyasət kursu bir sıra vacib, həm region, həm də beynəlxalq aləm, ayrı-ayrı güc mərkəzləri, dövlətləri üçün olduqca əhəmiyyət kəsb edən toplantılar, görüşlərin məhz Bakıda keçirilməsinə yol açır. Təkcə son bir neçə il ərzində dünyanın əsas iki güc mərkəzi sayılan Rusiya Federasiyası və Birləşmiş Ştatların yüksək rütbəli hərbi rəsmilərinin görüşlərinin məhz Bakıda keçirilməsi deyilənlərin əyani sübutudur. Bu həm də Azərbaycanın beynəlxalq təhlükəsizliyə, sabitliyə töhfə verdiyinin göstəricisidir.
Son aylarda Azərbaycan xarici siyasət kursunda müşahidə edilən digər bir müsbət tendensiya isə ölkəmizin iştirakı ilə üçtərəfli formatlarda görüşlərin keçirilməsidir. Qeyd etmək lazımdır ki, bu kimio görüşlərin əhəmiyyəti artdıqca həmin görüşlər müxtəlif sahələri özündə ehtiva edir. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əməkdaşlıq formatı, eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan xarici siyasət idarəsi rəhbərlərinin birgə təşkil edilən məsləhətləşmələri də qeyd edilənlər sırasındadır. Azərbaycanın üçtərəfli formatda iştirak etdiyi ən mühüm görüşlərdən biri isə bir müddət əvvəl Tehranda baş tutdu ki, həmin görüş də həm Azərbaycan, həm də ümumilikdə region üçün kifayət qədər əhəmiyyətli sayıla bilər. Azərbaycan, Rusiya Federasiyası və İran İslam Respublikasının prezidentlərinin iştirakı ilə baş tutan sammit əsas etibarilə Bakının regional nüfuzu və əhəmiyyətini ortaya qoyurdu. Bu birmənalıdır ki, qeyd edilən bütün formatlarda keçirilən görüşlər regionda sülhə və sabitliyə xidmət etməklə yanaşı Azərbaycanın digər iştirakçı dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsinə, yeni-yeni əməkdaşlıq imkanlarının ortaya çıxmasına, ən əsası yeni-yeni regional və qlobal əhəmiyyətli layihələrin gündəmə gəlib reallaşmasına yol açır, perspektivlər yaradır. İndiyə qədər Azərbaycanın iştirakı ilə baş tutan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bunların əyani sübutudur. Eyni zamanda Şimal-Cənub, İpək Yolu nəqliyyat dəhlizləri də bu sıraya aid edilən qlobal əhəmiyyətli layihələrdəndir. Bütün bunların fonunda xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, adlarını sadaladığımız görüşlər və toplantılarda, üçtərəfli formatlarda baş tutan məsləhətləşmələrdə Azəbaycan xüsusi çəkiyə, rola malikdir. Hər halda qeyd etdiyimiz görüşlərin böyük əksəriyyətinin məhz Bakıda keçirilməsi fonunda bunu açıq şəkildə söyləyə bilərik.
Bu günlərdə isə Azərbaycan daha bir önəmli görüşə evsahibliyi edir. Söhbət rəsmi Bakının əsas tərəfdaşı, müttəfiqi sayılan Pakistan və Türkiyə respublikalarının xarici siyasət idarəsi rəhbərlərinin iştirakı ilə Bakıda XİN rəhbərlərinin üçtərəfli formatda keçirilən görüşündən gedir. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, Azərbaycan, Türkiyə və Pakistanın hərbi sahədə üçtərəfli formatda əməkdaşlıq təcrübəsi var və bu əməkdaşlıq kifayət qədər müsbət effekt verir. Eyni zamanda xarici siyasət sahəsində də hər üç ölkə strateji tətəfdaşlıq münüasibətlərinə malikdir. İslamabad, Ankara və Bakı arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda baş tutan üçtərəfli görüşü bu əməkdaşlığı daha dərinləşdirməyə xidmət edəcək. Həmçinin ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində yeni imkanlar yaradacaq. Təsadüfi deyil ki, əksər ekspertlər, analitiklər də elə bu qənaətdədir. Xüsusi vurğulanan məqam ondan ibarətdir ki, bu əməkdaşlıq digər ölkələrə də nümunə ola bilər. Əsas etibarilə də müsəlman ölkələrinə. Çünki hazırda Qərbin ssenarisi əsasında param-parça olan İslam dünyası, müsəlman aləminin birlik, bərabərlik, qarşılıqlı faydalı əməkdaşlığa ehtiyacı var. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. Üç ölkənin xarici siyasət idarəsi rəhbərlərinin ölkəmizdə bir araya gəlməsini yüksək dəyərləndirən politoloq hesab edir ki, Bakıda Azərbaycan-Türkiyə və Pakistan formatı..
Azərbaycan-Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin Bakı görüşü üç tərəfli format baxımından uğurlu bir ittifaqın töməlini qoyacaq: "Pakistanın Baş Qərargah rəisinin ölkəmizə səfəri, ardınca xarici işlər nazirinin gəlişi, rəsmi İslamabadla ölkımizin hərbi-siyasi əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir. Bundan əlavə, bu kimi səfərlər konkret sahələr baxımından, xüsusilə hərbi-texniki xarakterli əlaqələrin inkişafına xidmət edir. Qeyd edim ki, Pakistan yüksək hərbi müdafiə sənayesinə malik olan ölkədir. Bu ölkənin istehsal etdiyi döyüş təyyarələri yüksək texnologiyalara əsaslanır və Azərbaycanın marağını cəlb edir. Artıq, bu ölkədən qırıcı təyyarələrin alışı barədə razılıq əldə olunub. Pakistan döyüş təyyarələrinin Azərbaycana ixracında və birgə istehsalında maraqlıdır". Məhəmməd Əsədullazadənin sözlərinə görə, aparılan danışıqlarda əldə olunacaq razılıq əsasında Pakistanla birgə döyüş təyyarələrinin istehsalı gerçəkləşə bilər: "Həmçinin müxtəlif təyinatlı raketlərin istehsalı da nəzərdə tutulur. Birgə hərbi təyyarə istehsalı hərbi hava qüvvələrimizin parkının genişlənməsində və Ermənistan üzərində əzici üstünlüyümüzü saxlayacaq". Politoloq deyib ki, Türkiyə və Pakistan Azərbaycana dost və qardaş ölkədir: "Üç paytaxtın müttəfiq əlaqələrinə söykənə biləcək böyük potensialı var. Bu baxımdan xarici işlər nazirlərinin Bakı görüşü, təbii ki, Ermənistanda ciddi narahatlıq doğuracaq. Çünki, iki ölkə daima Azərbaycana hərbi dəstək göstərir. Azərbaycan Pakistan və Türkiyə birgə əməkdaşlığı regionda Azərbaycanın siyasi mövqeyini gücləndirir. Rusiyanın ölkəmizə Qarabağla bağlı müxtəlif təzyiqləri fonunda bu dəstək xüsusi əhəmiyyət daşıyır". Politoloq bildirib ki, dünyada, hazırda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yerini, dövlətlər arası ikili və üçtərəfli əməkdaşlıq tutur: "Bu gün beynəlxalq təşkilatlar müəyyən dövlətlərin əlində siyasi rıçaq olduğu üçün yeni perspektivlər baxımından həlledici rol oynamır. Bunu Qarabağ münaqişəsinin həllində ATƏT və BMT-nin rolunda görürük. Bundan əlavə Azərbaycanın beynəlxalq təşkilatlarda məhz Türkiyə və Pakistanla birgə fəaliyyəti mövqeyimizin güclənməsini şərtləndirə bilər. Dünyada artıq ölklərin ikili və çoxtərəfli firmatda əməkdaşlığı zərurətdən meydana gəlir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin Bakıda bir araya gəlməsini mühüm hadisə kimi dəyərləndirib. O, hesab edir ki, sözügedən görüş ölkələr arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsinə təkan verəcək. Elxan Şahinoğlu üç ölkənin XİN rəhbərlərinin Bakı görüşü əsnasında Hindistanın xarici işlər nazirinin də Azərbaycana səfər etməsinə diqqət çəkib : "Bu gün maraqlı hadisə baş verib. Pakistan, Türkiyə və Azərbaycanın xarici siysət idarəsi rəhbərlərinin Bakıda görüşü baş tutub. Azərbaycan prezidenti ayrılıqda həm Pakistanın, həm də Hindistanın xarici işlər nazirləri ilə görüşüb. Məsələnin maraqlı tərəfi odur ki, bir-biri ilə qonşu olan Hindistanla Pakistanın aralarındakı münasibətlər hamar deyil, zaman-zaman gərginliklər olur, Kəşmir məsələsinə görə ciddi fikir ayrılığı var. Demək bu iki ölkənin xarici işlər nazirinin eyni gündə Bakıda olmaları təsadüfə az oxşayır. Pakistanın xarici işlər naziri ilə məsələ aydındır, Bakıda üçtərəli - Azərbaycan və Türkiyə xarici işlər naziri ilə görüşə qatılıb və proqram aylar öncə bəlli idi. Bəs necə oldu ki, Hindistanın xarici işlər naziri də pakistanlı həmkarı ilə eyni gündə Bakıda peyda oldu? Görünür, Hindistanın xarici işlər naziri Bakıya bu gəlişi ilə demək istəyib ki, "bölgədə Pakistanla yanaşı biz də varıq, bunu nəzərə alın".
Süleyman