Qurucu lider, hamının prezidenti...

Dövlət başçısı İlham Əliyevin doğum gününə

Azərbaycanın, bölgənin, dünyanın həyatında mühüm hadisələrlə zəngin olan 2012-ci ilin son günləridir. Bu il dekabrın 24-də 51 yaşı tamam olan dövlət başçısı İlham Əliyev üçün də uğurlu illərdən oldu. Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev  1961-ci il dekabrın 24-də Bakı şəhərində, ümummilli lider Heydər Əliyevin ailəsində dünyaya göz açıb. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.  İlham Əliyevin böyük siyasətə gəlişi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinə təsadüf edir. İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti postunu tutub, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İlham Əliyev 8 il millət vəkili kimi fəalliyyət göstərib. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, 2003-ün avqustunda ölkənin  baş naziri vəzifəsinə təyin olunub. İlham Əliyev dünya olimpiya hərəkatının ünlü isimlərindən biridir. 1997-ci ildən bu günə kimi Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

***

İlham Əliyevin birinci prezidentliyi dönəmi olduqca çətin dövrə düşmüşdü. Ümummilli lider Heydər Əliyevin dünyasını dəyişməsi böyük çaşqınlıq yaratmış, Azərbaycanda maraqları olan, müstəqil dövlətimizin zəifləməsini istəyən dövlətləri sevindirmişdi. Amma dünya şöhrətli siyasi xadimin ailəsində böyümüş, böyük siyasi təcrübə toplamış İlham Əliyev dövlət başçısı kimi işinin öhdəsindən layiqincə gəldi. Heydər Əliyevin dövründən yarımçıq qalmış işlər, layihələr uğurla davam etdirildi. Bakı və ətraf qəsəbələrin, regionların iqtisadi inkişafına dair dövlət proqramları qəbul edildi və prezidentin şəxsi nəzarəti ilə uğurla həyata keçirildi. Qısda müddətdə Azərbaycanın bölgələri iqtisadi yüksəliş mərhələsinə qədəm qoydu, bölgələrdə ənənəvi təsərrüfat sahələri bərpa edildi, yeni istehsal və xidmət müəssisələri yaradıldı. Sosial simasına görə artıq paytaxtdan seçilməyən iri şəhərlər yaranıb ki, bunu xarici siyasi müəlliflərin QURUCU PREZİDENT adlandırdıqları İlham Əliyevin xidməti hesab etmək olar. Müasir dünya, görüşlü dövlət başçısı yaxşı bilirdi ki, Ermənistanla birinci Qarabağ müharibəsinin vurduğu iqtisadi ziyanı, qaçqınlıq və urbanizasiya problemlərini aradan qaldırmaq üçün  bölgələri dirçəltmək, əyalətdə şəhərləri inkişaf etdirmək lazımdır. Beynəlxalq münasibətləri yaxşı bilən dövlət başçısı balanslaşdırma siyasətini uğurla davam etdirdi. İlham Əliyev gənclər siyasətini düzgün qurdu, idmana və idmançılara qayğını ön plana keçirdi. 9 illik prezidentliyi dövründə apardığı siyasət, iqtisadiyyatın, ordunun gücləndirilməsi, infrastrukturun bərpası və yenilənməsi, uğurlu neft strategiyası, qeyri-neft sektorunun inkişafı, rabitə və informasiya texnologiyaları sahəsinə diqqətin artırılması öz nəticələrini verməli idi. Bu gün Rusiya və Qərb ekspertləri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən güclü olduğunu etiraf edirlər. Beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə, dünyada lider ölkələrdən biridir. Azərbaycanın iqtisadi və hərbi qüdrəti ölkənin beynəlxalq nüfuzuna da müsbət təsir edir. Ötən il Azərbaycan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu ilin yanvarından Azərbaycan səlahiyyətlərinin icrasına başladı. 2012-ci ildə Azərbaycan son 9 ildə görülən işlərin nəticələrini hiss etməyə başladı.

Mart ayında prezident əhalinin  banklarda sovetdən qalma əmanətlərinin qaytarılması barədə sərəncam imzaladı. Azərbaycan iqtisadi qüdrəti olan dövlət olduğunu sübut etdi və öz əhalisinin batmış əmanətlərini qaytarmağa başladı. Xatırladaq ki, bir sıra MDB ölkələri bunu hələ də etməyiblər. Bu il Azərbaycan nüfuzlu Avroviziya beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etdi. Yeri gəlmişkən, bir sıra xarici ölkələr və onların Bakıdakı emissarları bu yarışmanı əngəlləməyə, pozmağa, hətta Azərbaycanı terrorla hədələməyə çəhd etsələr də, dövlətimiz bu beynəlxalq yarışmanı keçirdi. Azərbaycan dövləti, prezident İlham Əliyev bir daha sübut etdi ki, müstəqil dövlətdir və iri beynəlxalq layihələri həyata keçirməyə siyasi iradəsi var.   İl ərzində prezident İlham Əliyev bir sıra xarici ölkələrə səfər etdi, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün danışıqlar apardı, sazişlər imzaladı. Bir sıra ölkələrin dövlət başçıları Azərbaycana səfər etdi, prezident İlham Əliyev tərəfindən qəbul edildi. Prezident bölgələrə səfər etdi, yeni istehsal və xidmət müəssisələrinin açılışında iştirak etdi. Dövlət başçısı regionların inkişafı dövlət proqramının icrasına şəxsən nəzarəti davam etdirdi və proqramın uğurlu nəticələri qarşıdakı illərdə özünü göstərəcək. Azərbaycan bu il idman sahəsində böyük uğurlara imza atdı. London olimpiadasında uğurla iştirak edən idmançılarımız  2-si qızıl, 2-si gümüş, 6-sı bürünc olmaqla 10 dəst medal qazandılar. London olimpiadasında göstərilən nəticə İlham Əliyevin rəhbərlik etdiyi MOK-un uğuru kimi tarixə düşdü.

İlham Əliyev prezident olduğu 9 il ərzində bütün azərbaycanlıların prezidenti olduğunu sübut etdi. Dövlət başçısının diplomatik manevrləri öz nəticəsini verdi və 2004-cü ildən Macarıstanın paytaxtı Budapeştdə məhbus həyatı yaşayan Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycana ekstradisiya edildi. Ramil Səfərov Bakıya enən kimi prezident İlham Əliyev tərəfindən əfv olundu. Siyasi elmlər doktoru olan prezident elmə, elm adamlarına  daim qayğısı ilə seçilib. İlin sonu prezident Azərbaycan MEA-nın Gəncə bölməsinin təsis edilməsi barədə sərəncam imzaladı. Bundan öncə belə bir qurum Naxçıvanda yaradılmışdı. Gəncədə elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaq məqsədi güdən bu qərar elmi cameədə müsbət qarşılanır. Bu il prezident İlham Əliyev üçün heç də asan keçmədi. Xarici və daxili bədxahlar yenə öz çirkin əməllərini davam etdirirlər. Amma peşəkar dövlət adamı, təcrübəli siyasətçi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan öz modern, dünyəvi inkişaf yolundan, Qərbə inteqrasiya yolundan dönmədi. Azərbaycanın 9 illik uğurlarının memarı, prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona Azərbaycanın, türk dünyasının güclənməsi yolundakı fəaliyyətində böyük uğurlar arzu edirik!

"Olaylar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00