Azərbaycan YUNESKO-nun Komitəsinin vitse-prezidenti seçildi
20 Dekabr 2012 18:23 SiyasətAzərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin məlumatına əsasən, bu gün YUNESKO-nun Parisdə yerləşən Baş Qərargahında təşkilatın Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyası keçirilib. Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyada Komitənin Bürosuna yeni üzvlərin, Komitə prezidentinin, üç vitse-prezidentin və məruzəçi vəzifələrinə seçkilər keçirilib.
Komitənin sədri vəzifəsinə Belçika, vitse-prezidentlər isə Azərbaycan, Xorvatiya və Salvador seçiliblər. Xorvatiya eyni zamanda məruzəçi də seçilib.
Azərbaycanın YUNESKO-nun bu vacib Komitəsinə vitse-prezident seçilməsi silahlı münaqişələr zamanı, eləcə də işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərində ölkəmizin göstərdiyi səylərin nəticəsidir.