Putinin SSRİ məhəbbəti...
Ərəstun Oruclu: “Vladimir Putinin bu bəyanatı siyasi xarakter daşıyır”
20 Dekabr 2012 16:33 SiyasətRus mətbuatına açıqlama verən prezident Vladimir Putin SSRİ-nin yeni formatından danışıb. Putinin sözlərinə görə Avrasiya İqtisadi Birliyi ilə əlaqədar razılaşma haqqında rəsmi qərar 2014-cü ilin mayına qədər açıqlanacaq. Putin bildirib ki, Avrasiya İttifaqı 2015-ci ildə aktiv fəaliyyət göstərəcək. Putinin səsləndirmiş olduğu bu fikirlər post-sovet ölkələrinə birlik mesajıdır. Demək ki, Putinin SSRİ-ni yaratması üçün cəmi 2 il vaxtı var. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Avrasiya İttifaqının 2015-ci ilədək yaradılması inandırıcı deyil: "Rusiyanın iqtisadi inkişafı 2015-ci ilə qədər o həddə çatmayacaq ki, keçmiş sovet ölkələri üçün Rusiyanın iqtisadi məkanı olan Avrasiya İttifaqı Avropa Birliyindən, ya da ki, Çindən güclü olsun. Putinin bu açıqlaması daha çox siyasi xarakterli bəyanatdır. Həmçinin MDB ölkələrinə ünvanlanan xəbərdarlıqdır ki, "siz 2015-ci ilə qədər Avrasiya İttifaqına üzv olmalısınız, yoxsa Rusiyanın təqiblərilə üzləşəcəksiniz". Amma, fikrimcə Putinin bu bəyanatı Rusiyanın daxilinə yönəlib, Rusiyada daxili vəziyyət çətindir və Putin bu vəziyyəti arxa plana keçirmək üçün Rusiyanın daxili auditoriyasının maraqlarına uyğun olan geosiyasi bəyanatlar verir" (OLAYLAR İA)