İran Suriyada məzhəblərarası münaqişəyə təkan verir - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Bu region üçün çox təhlükəli olacaq”
20 Dekabr 2012 15:28 SiyasətSuriyadakı Bəşər Əsəd rejimi hər keçən gün müxaliflərə qarşı təzyiqləri artırmaqda davam edir. Suriyada vəziyyət o yerə çatıb ki, hətta ölkənin müxtəlif yerlərində olan xəstəxanalar da hava hücumlarına məruz qalır. Müxaliflər və Əsəd rejimi arasında baş verən qarşıdurmalar yeni mərhələyə qədəm qoyub. Ölkədə baş verən qarşıdurmalar demək olar ki, məzhəb çərçivəsinə daxil olub. Vətəndaş müharibəsinin bu məcraya dönməsinin səbəbi Livan, İran və İraqdan gələn qüvvələrin qarşıdurmalara müdaxilə etməsidir. Suriyada baş verən hadisələrə əsasən Livandakı "Hizbullah" təşkilatının üzvləri, İran İnqilab Gözətçiləri və İraqdan olan bəzi şiə qruplardır. "Bu problem təkcə Suriyada yox, İraqda da mövcuddur, İraqda etnik zəmində və məzhəblərarası münaqişələr davam edir. Münaqişənin Suriyada davam etməsində maraqlı olan bir sıra dövlətlər var, onlardan birincisi İrandır" deyən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə Suriyadakı Əsəd rejimi İranın Yaxın Şərqdəki faktiki son dayaqlarından biridir: "Suriyada vətəndaş müharibəsinin dini müstəviyə keçməsində ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının xüsusi rolu var. Bu proseslərdə Rusiya, Qərb dövlətləri də iştirak edirlər. Ümumiyyətlə Suriyada məzhəblərarası münaqişələr Hafiz Əsəd və Bəşər Əsədin hakimiyyətləri illərində də olub. Suriyadakı bu proses geniş çərçivədə davam edərsə bu region üçün çox təhlükəli olacaq. Lakin, Türkiyənin indiki məqamda bu münaqişlərin böyüməsinə imkan verməyəcəyi daha inandırıcıdır. Bütün hallarda isə çox təhlükəli tendensiya yaranıb. Suriyada baş verən məzhəblərarası münaqişələr İslam dünyası üçün problemlərə yol aça bilər" ("OLAYLAR" İA)