İsraildən Fələstinə qarşı növbəti təxribat addımı - Qabil Hüseynli
“Netanyahu hökuməti seçkiqabağı bununla xal qazanmaq istəyir”
20 Dekabr 2012 15:27 Siyasətİsrail beynəlxalq reaksiyalara baxmayaraq Qüdsdə 1500 yeni yaşayış yeri inşa etdirmək qərarını verib. Rəsmi Tel-Əviv bu addımı Fələstin- İsrail münaqişəsinin həll prosesinə girdiyi vaxt atdı. İsrail hakimiyyətinin bu səyi İsrail-Fələstin münasibətlərinə yeni zərbə ola bilər. Yəhudi dövlətinin məskunlaşma qərarı beynəlxalq hüququn tapdalanması deməkdir. İsrail bununla Şərqi Qüdsün statusunu tək tərəfli dəyişməyi hədəfə alıb. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə İsrail hakimiyyətinin bu qərarı təxribat xarakterli bir addımdır: "Əvvəla "Kemp Devis" sazişi var və həmin saziş İsrail-Fələstin münasibətlərinin nizamlanmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur. Bu müddət ərzində də Fələstinə məxsus olan torpaqlarda tikinti işlərinin aparılması qadağan olunur. İsrail bu qərarı almaqla bir növ "Kemp Devis" sazişinin qaydalarını ayaqlamış olur, digər tərəfdən isə Fələstin torpaqlarında yəhudilərin məskunlaşması prosesini davam etdirir. Netanyahu hökuməti seçkiqabağı bununla xal qazanmaq istəyir və bu səbəbə görə də bu cür provakasion addımlara əl atıb. Lakin, İsrailin bu qərarı həyata keçirməsi inandırıcı deyil, həm Fələtin xalqı buna imkan verməyəcək, həm də beynəlxalq ictimaiyyət" ("OLAYLAR" İA)