“Müxalifət xalqa yox, xarici dəstəyə güvənir” - HDİM sədri
“Onlar xaricdən dəstək gözləyincə, xalqa üz tutsalar, dağılmış sosial bazalarını bərpa etsələr, yaxşı olar”.
20 Dekabr 2012 15:18 Siyasət"ABŞ səfirinin müxalifət liderləri ilə görüş keçirməsi, onlarla məsləhətləşməsi siyasi proseslərə təsir etmək gücündə deyil". Bu açıqlama ilə Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev çıxış edib. "OLAYLAR"a açıqlamasında İ.Əliyev bildirib ki, müxalifət funksionerlərinin bu görüşə böyük önəm vermələri, az qala ABŞ-ın qarşıdan gələn prezident seçkilərində müxalifəti dəstəkləyəcəyi kimi təqdim etmələri gülüş doğurur: "Bizdə olan məlumata görə, səfir Riçard Morninqstar daha çox AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə təmasda olub və İctimai Palatada baş verən prosesləri, vahid namizəd olmaq uğrunda mübarizəni müzakirə edib. Ola bilsin ki, Azərbaycanda keçiriləcək seçkilərdə müxalifətin daha keyfiyyətli və effektli iştirakını istəyən səfiri müxalifət daxilindəki parçalanmadan narahatdır. Bu görüşün səfirin və təmsil etdiyi ölkənin müxalifətə dəstəyi kimi təqdim olunması məsələyə diletant yanaşmadır". HDİM sədrinin fikrincə, görüşlə bağlı müxalifətin təqdimatı yanlışdır və son ümid qığılcımlarıdır: "Bu görüş ətrafında yaradılan ajiotaj bir daha göstərdi ki, müxalifət xalqa yox, xarici dəstəyə güvənir. Seçkilərdə əsas sözü xalqın iradəsi deyəcək. Müxalifət xaricdən dəstək gözləyincə, xalqa üz tutsa, dağılmış sosial bazasını bərpa etsə, yaxşı olar".