Müsavat-AXCP ixtilafı düşmənçiliyə keçir - SİYASİ ANALİZ
AXCP-nin qara piarına Müsavatdan cavab gəldi: “Həddi aşırlar...”
20 Dekabr 2012 15:00 SiyasətMüsavat Partiyası ilə AXCP arasında soyuq münasibətlər arada yaranmış çatı dərinləşdirməkdədir. AXCP əlində olan bütün təbliğat resurslarından yararlanıb İsa Qəmbəri, Müsavatı aşağılayır, başqanın öz dövrünü bitirdiyini, Müsavatın bütün potensialını AXCP-nin seçki fəalliyyətinə sərf etməsini tələb edirlər. AXCP üzvləri və bir zamanlar bu partiyanın rəhbərliyində təmsil olunmuş şəxslər Əli Kərimlinin göstərişi ilə açıqlamalar verir, İsa Qəmbərin geri çəkilməsini vacib sayırlar. Bu açıqlamaların bəzisi tövsiyyə xarakterli olsa da (məsələn, Fuad Qəhrəmanlı, Seymur Həzi, İbrahim Vəliyev və başqalarının açıqlamaları bu qəbildəndir) Rəyasət Heyətinin üzvü, Əli Kərimlinin həmkəndlisi, Kərimliyə sadiq hacıyevlərin nümayəndəsi, müxalifət də "Dərin AXCP" adlanan Azadkənd qrupunun ağsaqqalı Xaliq Bahadır Müsavat başqanını ittiham edən açıqlama verib. Bahadır Müsavat başqanının son 20 ildə qurulmuş bütün siyasi birlikləri dağıtdığını, birliyə mane olduğunu, dolayısı ilə hakimiyyətin maraqlarına xidmət etdiyini bildirib. Onun açıqlaması müttəfiq partiya funksionerinin tövsiyəsindən çox Müsavata qarşı qara piar cəhdidir. Bu açıqlamadan bir neçə gün sonra AXCP İctimai Palata ilə bağlı mövqeyini açıqlayıb və İP-in qorunmasını vacib sayıb. Bu mövqe Xaliq Bahadırın Əli Kərimlinin istəyi ilə danışdığını açıq-aşkar təsdiq edir. Görünür, AXCP İP-dən çıxmazdan öncə bütün gücü ilə Müsavata hücum etmək, bu partiyanı güzəştə vadar etmək istəyir. Amma görünür, əbəsmiş və Müsavat güzəştə hazır deyil. Müsavat başqanının müavini Gülağa Aslanlı jurnalistlərə açıqlamasında bildirib ki, Müsavatın və başqan İsa Qəmbərin üzərinə haqsız hücumlar hədsiz dərəcəyə çatıb. "Hücumlar, açıqlamalar artıq böhtan səviyyəsinə qalxıb. Müttəfiqlik səviyyəsini demək olar ki, aşırlar. Müttəfiq adına uyğun olmayan söhbətlər aparırlar, müsahibələr verirlər, sosial şəbəkələrdə fikirlər yazırlar. Təbii ki, bu, ümumi işimizin xeyrinə deyil. Müsavat Partiyası həmişəki kimi özünün elitar partiya olduğunu bir daha nümayiş etdirir. Diqqət edirsinizsə, son vaxtlar Müsavata və başqan İsa Qəmbərə qarşı hər cür qarayaxma kampaniyası aparılsa da, biz bunu edənlərin səviyyəsinə enib, adekvat cavab verməmişik" deyən Aslanı bildirib ki, Müsavatsız birlik güclü birlik ola bilməz. Xatırladaq ki, Xaliq Bahadır müxalifətin birliyinin Müsavatsız gerçəkləşdirilməsini vacib saymışdı. Və bu da AXCP sədrinin "Səkkizliyin" toplantısında təsadüfən iştirak etmədiyini bir daha təsdiq edir.
Siyasi müşahidəçilərin fikrincə, AXCP ilə Müsavat arasında müttəfiqlik münasibəti sona çatmaq üzrədir. İctimai Palatada birləşmək, AXCP ilə ittifaqda olmaq Müsavata bir müddət lazım idi. Daha lazım deyil. Müsavat seçkiyə təkbaşına qatılmağın tərəfdarıdır. Bu niyyətə görə, Müsavatı qınayan da olmayacaq. Çünki cəmiyyətin müxalifətə vahid namizəd sifarişi yoxdur. Artıq situasiya dəyişib, Azərbaycan cəmiyyəti Arzu Səmədbəyli, Fuad Qəhrəmanlı kimi adamların təmsil olunduğu müxalifətdən heç nə gözləmir. Arif Hacılı, Həsən Kərimli kimi hərəkatçıların isə ciddi dəyişiklik edə biləcəkləri inandırıcı deyil. AXCP Müsavatı heç müxalifət düşərgəsində belə təkləyə bilməyəcək. Müxalifət yenə iki qütbə bölünəcək və hər cinahın başında AXCP ilə Müsavat dayanacaq. Siyasi ekspertlər hesab edir ki, hazırda müxalifətin ən potensiallı partiyası Müsavatdır. Və Müsavatın iştirakı olmadan ciddi birlik yarana bilməz. Əksinə, Ümid, AMİP kimi partiyalarla ittifaq AXCP-nin ictimai nüfuzuna zərbə vurmuş olacaq. Bu baxımdan indi 2006-cı il deyil və Müsavatla düşmənçilik AXCP-yə uğur gətiməyəcək. Ən yaxşı variant bu partiyaların dinc şəkildə ayrılmasıdır.
Aydın