İran Qarabağın Ermənistanda qalmasını istəyir - ANALİZ
Tehran münaqişənin həlli prosesində Rusiya istiqamətli siyasi taktika izləyir
20 Dekabr 2012 14:29 Siyasət1991-ci ildən sonra Qafqazda yaranan natarazlıqlar bölgə dövlətlərinin xarici siyasi prioritetlərinin də dəyişməsində böyük təsirə sahibdir. Region ölkələrinin sahib olduğu geosiyasi xüsusiyyətlər yeni siyasi zəminin meydana gəlməsini zəruri etmişdir. SSRİ-nin parçalanmasından sonra müstəqil olan dövlətlərin biri-birləri arasında çıxan problemləri araşdırarkən qonşu dövlətlərin xarici siyasət metodlarındakı dəyişmələri də görmək mümkündür. Bölgənin dondurulmuş problemi hesab edilən Dağlıq Qarabağla əlaqədar olaraq qonşu dövlətlər və beynəlxalq təşkilatların öz maraqları naminə adekvat addımlar atması həmin qüvvələrin strateji maraqlarını göz önünə sərir.
Bölgədə əhəmiyyətli bir mövqeyə sahib olan İranın Qafqazda baş verən hadisələrə fərqli yanaşma tərzi əhəmiyyətli xüsusiyyətə malikdir. İran üçün SSRİ-nin dağılması Rusiyanın köhnə gücünü itirməsi və kommunizm təhlükəsinin ortadan qalxması, yeni təhlükələrin ortaya çıxmasına səbəb olub. Tarix boyunca hər cür fikri cərəyanın Qafqaz yolu ilə İrana sirayət etməsi, yeni siyasi mühitdə də etnik milliyyətçilik təhlükəsinin yayılmasına gətirib çıxarıb. Bu təhlükənin pərdəarxası edə bilməməsinin səbəbi də İranın qonşu dövlətlərlə olan sərhədlərin fərqli etnik ünsürlər tərəfindən çevrələnməsidir. Bu gün Qafqaz sərhədlərində sayı 30 milyona çatan Azərbaycan türkü yaşayır. Bölgədə Qərb mərkəzli strukturların fəaliyyət göstərməsindən narahat olan İran bu mövzuda Rusiya ilə ortaq maraqlara sahibdir. Bu səbəbdən İran Qafqazın ən əhəmiyyətli münaqişəsi Dağlıq Qarabağla əlaqədar olaraq milli təhlükəsizlik təhlükəsi olaraq xarakterizə etdiyi məsələlərdən ötəri dəyişən siyasi taktika sərgiləməkdədir.
İranın Ermənistanla münasibətlərinin əsl səbəbi
Dağlıq Qarabağ münaqişəsinin ana xəttində dayanan Ermənistanla isti münasibətlərin qurulması xüsusi əhəmiyyətlidir. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olmasına görə Ermənistan öz nəqliyyat ehtiyacını İran üzərindən təmin edir. Bütün siyasətində olduğu kimi xarici siyasətində də İslami inqilab xəttinə dəyər verən İranın Dağlıq Qarabağ məsələsinə yanaşması Ermənistanla olan əlaqələri sabitləşdirəcək xüsusiyyətə malikdir. Xüsusilə Şərqi Azərbaycan əyaləti məsələsinə görə Ermənistana yaxınlıq göstərmək məcburiyyətində qalan İranın böyük dövlətlərin bölgədəki strateji maraqlarına görə də vəziyyəti bu cür davam etdirir. Dağlıq Qarabağ probleminin ortaya çıxmasından başlayaraq ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini deyən İranın prinsip olaraq bu dillə tez-tez vasitəçilik fəaliyyətlərinə girişməsi, bölgədəki tarazlıqları müxtəlif yollarla öz xeyrinə çevirmək və ortaya çıxacaq zərərləri minimuma endirmək istəyi istiqamətində siyasət izləyir. Bölgədəki bütün hadisələrdə Rusiyanın ağırlığını hiss edən İran Dağlıq Qarabağ mövzusunda da Rusiya istiqamətli siyasi taktika yürüdür. Və İranın bu siyasi bicliyi Ermənistanla daha yaxın əlaqələrin yaranmasına səbəb olub. Bundan başqa Azərbaycanın 90-cı illərin sonuna yaxın Türkiyə-İsrail strateji ittifaqına olan yaxınlığı İranın İrəvan-Afina-Moskva ittifaqına daxil olması ilə nəticələnmişdir. 11 sentyabr terrorundan sonra bu ittifaqın fəaliyyətinin zəifləməsi İrannın Türkiyə və Azərbaycanla olan əlaqələrini gücləndirmə yoluna itələmişdir. Və İran zaman-zaman dildə Ermənistanın Dağlıq Qarabağ işğalını qınamışdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın dəyişən mövqeyi fərqli nöqtələrlə açıqlanır. Birincisi problemin həlli ilə Şərqi Azərbaycan əyalətindəki türk birliyinin Şimali Azərbaycana birləşmə təhlükəsi İranın qorxduğu ən əhəmiyyətli faktordur. İkincisi İrana görə Ermənistan Qərb ittifaqına qarşı Rusiya fonunda dəstəklənməsi üçün lazım olan ölkədir. Üçüncüsü İran Qərbdəki erməni diasporu vasitəsilə öz xeyrinə yeni qapılar aça bilər.
Şərqi Azərbaycan əyalətində yaşayan 30 milyon Azərbaycan türkünün varlığı Dağlıq Qarabağ məsələsində İranın ehtiyatlı olmasını tələb edir. Şərqi Azərbaycan xalqı üçün məzhəb birliyi vurğusunda olan İranın bunun üçün Ermənistanla əlaqələri daha da gücləndirmək marağı var. Bölgədə reallaşacaq qarşıdurmaların öz torpaqlarına sirayət etməsi İran üçün istənilməyən vəziyyətdir. Buna görə bölgə ilə əlaqədar etnik amilləri nəzərə alan İran Ermənistana bu səbəbdən meyl göstərir.
Digər məsələ isə bölgədəki Qərb təsirinə qarşı İranın Rusiya ilə birlikdə hərəkət edəcəyi məsələ mövcuddur. Ermənistanla İranın Rusiya fonunda hərəkət etməsi bölgədə yeni güc tarazlığının meydana gəlməsini göstərir. Bi birlik milli təhlükəsizlik məsələsində İranın qarantı olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək ifadəsini tez-tez təkrarlayan İran eynilə Rusiyanın izlədiyi siyasətdə olduğu kimi bu problem vasitəsilə bölgədəki varlığını hiss etdirmək istəyir. Bu həmçinin İranın dünya ictimaiyyəti qarşısında formasızlaşmış imicini yeni formaya salmaq məcburiyyətindən irəli gəlir. Sonrası da İran Şərqi Azərbaycanın fars torpağı olmadığnı yaxşı başa düşür. Və uzun illər əlində əsərək saxladığı Azərbaycan torpaqlarını itirmək istəməyəcək. Və bu istəklərindən dolayı Dağlıq Qarabağın Ermənistanda qalmasın razıdır.
Fars dövlətinin Azərbaycan türklərinə qarşı antipatiyası var. Bu bir tarixdir. İlk fars dövlətinin mütəşəkkil tapması qədər qədim tarix. Çox güman ki, bundan sonra da İran öz tarixi ənənəsinə sadiq qalacaq.
Mənsur Rəğbətoğlu