Mübariz Əhmədoğlu: Ermənistana maliyyə resursundan əvvəl ağıl ixrac etmək lazımdır

Əvvəlcə Ermənistanı ağıllandırmaq, sonra ona maliyyə resursu vermək lazımdır. Başqa sözlə Ermənistana maliyyə resursu ixrac etməzdən əvvəl ağıl ixrac etmək lazımdır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan əlinə düşən maliyyə resursu ilə normal davrana bilmir. "Əlinə düşən vəsaiti hərbiyə, cəmiyyətin militarizasiyasına və Azərbaycan ərazisində hərbi baza saxlamağa xərsərf edir. Ermənistan müstəqil olarkən onun xəzinəsində o dövrün parametrlərinə uyğun 2 illik büdcəsi qədər vəsait toplanmışdı. O vaxtkı parametrlə bu 6 milyard dollar Ermənistanın 2 illik büdcəsinə müvafiq idisə, indiki parametrlə 6 milyard dollar 3 illik büdcəyə uyğundur", - Əhmədoğlu deyib.
Onun sözlərinə görə, o pulu, erməni diasporundan gələn bütün vəsaitləri və ABŞ-dan göndərilən 2 milyard dollarlıq yardımı Ermənistan 20 il ərzində Dağlıq Qarabağın işğalına və işğalın davam etməsinə xərcləyib.
Əhmədoğlu deyib ki, 2008-ci ildə bu pul tamamilə qurtardı. Ermənistan ATƏT-in Minsk Qrupunun həmdsərlərinə Dağlıq Qarabağ münaqişəsini tənzimləyəcəyi ilə bağlı vəd verdi, ATƏT MQ həmsədrləri Ermənistana borc verilməsini asanlaşdırmaq üçün "Fitch" beynəlxalq reytinq təşkilatına zəmanət məktubu verdilər.
"Dünya Bankı və Beynəlxalq Valyuta Fondu "Fitch" reytinq təşkilatının Ermənistan iqtisadiyyatı üçün Dağlıq Qarabağ müharibəsi riskinin olmayacağı zəmanətini əsas götürərək bu ölkəyə borc verdilər. İndi Ermənistanın dövlət və qeyri-dövlət borcunun məbləği 7.5 milyard dollardır. Beynəlxalq maliyyət qurumlarının Ermənistan üzrə nümayəndəliklərinin fikrinə görə götürdüyü borca qulluq etmək üçün Ermənistanda illik inkişaf tempi 8 faiz olmalıdır", - politoloq bildirib.
O qeyd edib ki, bu təmsilçilərin fikrincə, 2013-cü ildə Ermənistanın illik iqtisadi inkişaf tempi 4-4,5 faiz olacaqdır. Real vəziyyət belə olduğu halda, Ermənistanın Baş naziri ABŞ-da iş adamlarını aldadaraq, Ermənistan iqtisadiyyatı və cəmiyyəti barədə yalan məlumatları yayaraq ölkəsinə pul cəlb etmək istəyir.
Əhmədoğlu bildirib ki, Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistanı regionun reket-dövlətinə çevirmək niyyətindədir. Hakim Respublika Partiyasının onun prezidentliyə namizədliyini irəli sürən qurultayında Sarkisyanın çıxışının təxminən yarısı yalnız orduya həsr olunmuşdu.
"Çıxışının qalan yarısı Ermənistanın digər problemlərinə həsr olunmuşdur. Dünya erməniliyinə və Ermənistandakı qüsurlara çox az yer ayırmışdı. Sarkisyanın məsuliyyətli dövrdə iqtisadiyyata, sosial sahəyə, təhsilə, elmə deyil, orduya yer ayırması Ermənistan hakimiyyətinin mahiyyətindən irəli gələn məsələdir. Bu o deməkdir ki, Ermənistanın iqtisadiyyatını, elmini dirçəltmək bu hakimiyyətin qarşısında duran məqsəd deyil. Əsas məqsəd cəmiyyətin militarlaşması və ordunun inkişafıdır", - politoloq deyib.
Əhmədoğlu deyib ki, Sarkisyanın orduya belə istinad etməsi onun Qərb və Rusiya tərəfindən maliyyə cəlb etməklə bağlı istədiyinə nail olmamasının göstəricisidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00