İvanişvili Saakaşvili ilə rəqabətə dözmür - AÇIQLAMA
Zəlimxan Məmmədli: “Gürcüstanda keçmiş siyasi komandanın bu cür təqib olunması qəbuledilməzdir”
20 Dekabr 2012 13:13 Siyasət"Gürcüstanda həbslər davam edir", bu barədə gürcü mətbuatı məlumat verir. Ölkədə böyük məbləğdə rüşvət, saxtakarlıq, korrupsiya sxemlərinin yaradılması və başqa cinayətlərə görə keçmiş energetika və maliyyə naziri Aleksandr Xetaquri, keçmiş ədliyyə naziri Nikoloz Qvaramiya, iqtisadiyyat nazirinin müavini Kaxa Dameniya həbs edilib. "Telasi" Tbilisi Enerji Paylaşdırıcı şirkətinin rəhbəri Devi Kandelakinin də həbs edildiyi bildirilir. Gürcüstan Baş Prokurorluğunda iddiasına görə, Xetaquri "Telasi"nin "on milyonlarla larini ölkə büdcəsinə ödəməməsi" üçün 1 milyon dollar rüşvət verməyə razılaşıb. Məsələyə münasibət bildirən politoloq Zəlimxan Məmmədlinin sözlərinə görə, Gürcüstanda bu cür proseslərin davam etməsi narahatçılıq doğuran məqamlardır: "İndiki məqamda ölkədə siyasi rəqabət mühiti qorunub saxlanılmalıdır. Əgər səlahiyyətdən istifadə edib, içəridə olan inshisarçılığı ortaya gətirərsənsə bu artıq siyasi rəqabətə dözümsüzlükdür. Bu addım təbii ki, müəyyən fəsadlar törədə bilər. İndiki məqamda Gürcüstanda keçmiş siyasi komandanın bu cür təqib olunması qəbuledilməzdir. Bu tendensiya davam etsə bu faktor heç də Gürcüstan üçün yaxşı nəticələrə gətirib çıxarmayacaq" (OLAYLAR İA)