Ermənipərəst Con Kerri Azərbaycana nə vəd edəcək?
Elxan Şahinoğlu: “Con Kerri dövlət katibi olandan sonra Azərbaycanla münasibətlərdə qırmızı xətti keçməyəcək”
20 Dekabr 2012 12:09 SiyasətABŞ Dövlət Katibi Hillari Klinton Amerikanın yeni seçilmiş prezidenti Barak Obamanın and içməsindən sonra gedəcəyini bildirib. Dövlət katibliyi postuna isə iki nəfərin adı daha çox hallanır. Senatın beynəlxalq komitəsinin başçısı Con Kerri və ABŞ-ın BMT-dəki səfiri Süzan Rays posta ən şanslı namizədlər sayılır. Con Kerri Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan isimdir. Con Kerri ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan "907-ci düzəliş"in müəllifidir. "Con Kerri ABŞ-da dövlət katibi postunu tutmağa ən şanslı namizəddir, çünki, Süzan Raysın artıq öz namizədliyini geri götürməsi barədə məlumatlar var. Raysın bu addımı Liviyada öldürülən ABŞ səfirliyi məsələsində passivlik nümayiş etdirməsi ilə bağlıdır. Bu çərçivədə Raysın fəaliyyəti ABŞ hökuməti tərəfindən elə də yaxşı qiymətləndirilməyib, ona görə də onun namizədliyi arxa plandadır" deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə Ağ Ev hal-hazırda Kerrinin namizədliyi üzərində israrla dayanır: "Kerri demokratdı və erməni lobbisinin fəal tərəfdarlarından biri kimi tanınır. Bu o demək deyil ki, Kerri dövlət katibi olandan sonra fəaliyyəti ərzində Azərbaycanı arxa plana alacaq. Vaxtilə Barak Obamanın da ermənilərlə sıx əlaqələri var idi və Obama prezident olmamışdan qabaq "erməni soyqırımı"nı tanıyacağını vəd etmişdi. Lakin, prezident olandan sonra belə addım atmadı. Çünki, Azərbaycan və Türkiyə ABŞ üçün əhəmiyyətli tərəfdaş dövlətlər sayılır. Hər halda Con Kerri dövlət katibi olandan sonra Azərbaycanla münasibətlərdə qırmızı xətti keçməyəcək" ("OLAYLAR" İA)