Ziyalılar Forumunun İctimai Palatanı qorumaq planı - ŞƏRH

Vahid namizəd problemi həll olunmayınca qurumu saxlamaq mümkün olmayacaq

İctimai Palatanın dağılacağı haqqında proqnozlar özünü doğrultmağa başlayıb. Palatanın əsas partiyaları olan AXCP ilə Müsavat vahid namizəd məsələsində yola gəlmədiyi üçün qurumun prezident seçkiləri ərəfəsində dağılacağı gözlənilirdi. Amma dağılma prosesi daha tez başlayıb. AXCP rayonlarda təkbaşına müşavirələr keçirir, AXCP sədri Əli Kərimli Müsavatsız vahid namizəd müzakirələrinə qatılır, AXCP yanlı siyasilər açıq-aşkar mövqe qoyurlar ki, İsa Qəmbər geri çəkilməlidir. İctimai Palatanın dağılmasını istəməyən siyasilər bütün gücləri ilə çalışırlar ki, qurum dağılmasın. Bu günə qədər Zəfər Quliyev, Pənah Hüseyn və daha bir İP üzvü qurumun yenilənməsi, İP-də islahatların aparılması ilə bağlı təkliflərlə çıxış ediblər. Lakin İP-i qoruyub saxlamaq mümkün olmur. Aşkar görünür ki, partiyalar arasında razılaşma olmazsa, İP uzağı gələn ilin martında dağılacaq. Amma İP-in yaşaması üçün real təkliflər də var. Prezident seçkilərinə İP-dən daha inamla hazırlaşan ziyalıların Forumu yaxın günlərdə AXCP ilə Müsavatı bir arada tutmağa hesablanan təkliflərlə çıxış edə bilər. Ziyalılar Forumun qarşıdakı prezident seçkilərində Moskvada yaranmış "Mİlyarderlər İttifaqı"nın təmsilçisi kimi qatılacaq. Bu versiya artıq öz təsdiqini tapır. Ziyalılar Forumunun əsas fiqurlarından olan Rüstəm İbrahimbəyov RATİ-də də təmsil olunur. Hər iki qurumun ortaq fiquru olaraq İbrahimbəyov heç şübhəsiz ki, Ziyalılar prezident seçkilərində kiminlə iştirak etmək məsələsini də həll edəcək. Eldar Namazov Ziyalılar Forumunu prezidentliyə namizədi olmaqda israrlıdır. Bu acıdan Namazov İctimai Palatanın dağılmasını istəmir.  Eldar Namazovun İP-dəki adamlarından biri olan Köçəri Nağıyevin son açıqlaması da bunu təsdiq edir. Belə görünür ki, Eldar Namazov və Ziyalılar Forumunda onu dəstəkləyənlər İP-in dağılmasını yox, İP-dən kənar namizəd ətrafında sıx birləşməsini istəyir. Maraqlıdır ki, İP-də olduğu kimi Ziyalılar Forumunda da vahid namizəd problemi var. Eldar Namazov namizəd olmaq istəyir, digər ziyalılar isə Rafiq Əliyevin namizdəliyini müdafiə edirlər. Siyasi qurumlardan "Qarabağ bloku" Rafiq Əliyevi dəstəkləyir. İctimai Palata daxilində də Rafiq Əliyevi müdafiə edənlər var. Ziyalılar Forumu çalışır ki, AXCP və Müsavatı İP-dən kənar, müstəqil namizəd ətrafında birləşməyə razı salsın. Amma bir iş var ki, Müsavatla AXCP-nin Ziyalılar Forumunun namizədlərinə də yanaşması fərqlidir. Müsavat Rafiq Əliyevə, AXCP isə Eldar Namazova "stavka" edir. Bu halda İP-də yenə ikili mövqe ortaya çıxır. Siyasi müşahidəçilərin fikrincə, İP-də təşkilati, struktur və s. islahatlar qurumu qoruyub saxlamaq gücündə deyil. İP bir halda yaşaya bilər: vahid namizəd məsələsi həllini tapır, ya da AXCP ilə Müsavat arasında saziş imzalanır ki, bu iki partiya seçki kampaniyasına start verilənə qədər vahid namizəd məsələsi haqqında danışmasın və müttəfiqliyi qorusun. Yalnız bu halda İP-in ömrü uzadıla bilər. İP daxilindən verilən məlumata görə, AXCP ilə Müsavat dəhlizlərində bu barədə söhbətlər var. Ola bilsin ki, yeni il ərəfəsində Müsavatla AXCP arasında müttəfiqlik sazişi imzalansın. Bunun təşəbbüsçüsü isə, maraqlıdır ki, Ziyalılar Forumunun üzvlərindən biridir. Bütün çabalara rəğmən, İP-in uzun yaşayacağı mümkün deyil.  İndidən aydındır ki, vahid namizəd məsələsi çözülməyincə, AXCP-Müsavat müttəfiqliyi də uzun ömürlü ola bilməz. 

Aslan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00