Bəşər Əsəddən sonra Suriya - SİYASİ ŞƏRH
Rusiya və ABŞ razılığa gəlməmiş müxaliflər Suriyanı parçalanmadan qurtara bilərlər
18 Dekabr 2012 15:03 SiyasətABŞ Bəşər Əsəd rejimi devrildikdən sonra Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Hələb, İdlib, Hama və Humusda özü üçün "etibarlı bölgə" yaratmağı planlaşdırır. Bu isə Ağ Ev rəhbərliyinin Şimali İraqdakı vəziyyəti bu dəfə Suriyada təkrarlaması deməkdir. Amerikanın Yaxın Orta Şərq, həmçinin Şimali İraqda bu gün mövcud olan muxtar "Kürd Dövləti"nin yaradılması planı 1991-ci ildə hazırlanıb. Amerikanın planlarına əsasən bölgədəki avtoritar rejimlər devrildikdən sonra regiondakı əzilmiş millətləri "Kürd çətiri" altında birləşdirsin. Şimali İraqda olduğu kimi Şimali Suriyada da eyni kürd bölgəsinin yaradılması bir müddət əvvəl Barak Obamanın müşaviri Con Brennan tərəfindən təsdiqlənmişdi. Şimali Suriyada yaradılması planlaşdırılan bölgə "təhlükəsizlik tədbiri" adı altında pərdələnmişdi. Amerika tərəfindən hazırlanmış plana əsasən bölgədən Suriyaya qarşı təhlükəsizlik tədbirləri almaq üçün istifadə ediləcəkdi. Əslində Amerikanın bu planları Əsəd devrildikdən sonra bölgə də "Kürdüstan" dövlətinin yaradılması üçün katalizator rolunu oynamalı idi.
"Kürdüstan Dövləti" İsrailin maraqlarını təmin edir
İsrail hökuməti Orta Şərqə kürdlərin dövlət yaratmaq hüquqularının olduğunu bildirir. Digər tərəfdən də rəsmi Tel-Əviv regionda yaradılacaq "Kürdüstan"ın Şimali İraqda olduğu kimi İsrailin maraqlarını təmin edəcəyi qənaətindədir. Məsələ ilə bağlı "Jerusalem Center for Public Affairs" tərəfindən hazırlanan hesabat da dərc olunmuşdu. Hesabatın müəllifi keçmiş kəşfiyyat zabiti Jak Neriadır. Neriaya görə Yaxın Orta Şərq kürdlərinin öz müqəddəratını təyin etmək hüququları var. İsrailli səlahiyyətlilər həmçinin yəhudilərin maraqlarının təmin olunması üçün münbit şəraitin yetişdiyini bildirirlər. Amerikanın "Kürdüstan Dövləti" yaratmaq səyləri tamamilə İsrailin geosiyasi maraqlarını əks etdirir. Tel-Əviv rəhbərliyi bunu yaxşı başa düşdüyündən Suriyadakı vəziyyəti nəzarət altında saxlayır. Bölgədə 35 milyonluq "Kürd dövləti" yaratmağı Əsəd devrildikdən sonra həyata keçirmək elə də çətin olmayacaq. Yəhudi dövləti bunu yaxşı dərk etdiyindən bütün mümkün variantlardan istifadə edərək Türkiyədə 37 milyon kürdün yaşadığını qabağa sürürlər. Bu o deməkdir ki, "Kürdüstan dövləti"nin yaradılması heç də Türkiyənin lehinə işləyən faktor deyil.
Suriyanın varlığı Rusiya və Amerikanın razılığa gəlməməsindən keçir
Əslində bütün siyasi hadisələr heç də kənardan analiz vermək kimi asan deyil. Rusiya ilə Amerikanın Suriya məsələsində fikir ayrıseçkiliyini nəzərə alsaq məsələ bir müddət qapalı qala bilər. İndiki məqamda Bəşər Əsəd hakimiyyətdən getsə belə hansı adla olursa olsun Amerika NATO sülhməramlılarını Suriyaya daxil edə bilməyəcək. Çünki, Amerikanın bu addımı Rusiyaya qarşı açıq mübarizə deməkdir. Rusiya ilə də mübarizə etmək heç də Amerikanın lehinə işləyən amil deyil. Məsələdə qabağa çıxan ən maraqlı məqam Amerika və Rusiyanın ortaq məxrəcə gəlməmiş Suriya müxalifətinin öz müqəddəratnı həll etməsi ola bilər. Bu halda Liviya və Misir nümunələri fonunda Suriya həm parçalanmaqdan yaxa qurtaracaq, həm də Amerikanın "kürd kartı" planı alt-üst olacaq.
Mənsur Rəğbətoğlu