Müxalifətdə yeni düzən yaranır - SİYASİ ANALİZ

AXCP Müsavatdan uzaqlaşır, “Səkkizliy”in bazasında yeni qurum formalaşır

İctimai Palata daxilində parçalanma sürətlənib. İP üzvü, müstəqil politoloq Zəfər Quliyev bildirib ki, İctimai Palata böhran keçirir və vəziyyət getdikcə kritikləşir. İP-də vəziyyətin kritikləşməsi birliyi sağlayan faktorların sıradan çıxması və iddialı partiyaların öz seçki blokunu qurmaq istəmələridir. Müsavatın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı bəyan edib ki, prezident seçkilərində ən şanslı namizəd İsa Qəmbərdir. AXP sədri Pənah Hüseyn də eyni mövqedədir. AXCP sədrinin sabiq müavini İbrahim Vəliyev, ADP sədrinin qardaşı Qurban  Cəlaloğlu Əli Kərimlinin şanslı namizəd olduğunu, İsa Qəmbərin güzəşt etməli olduğunu bildiriblər. Hər iki liderin vahid aday olmasını istəyənlər sayca eynidirlər. İctimai Palata daxilində qüvvələr nisbəti Müsavatın tərəfində olduğundan AXCP İP-i dağıtmağa çalışır. AXCP-nin Müsavat qıcıq olsun deyə "Səkkizliy"ə qoşulması da bu məqsədə xidmət edir. AXCP çalışır ki, cəmiyyətdə İP-in müvəqqəti olduğu rəyi yaransın. AXCP-nin rayonlarda "Xalq Cəbhəsinin müşavirəsi" keçirildi kampaniyasının arxasında yalnız bu niyyət dayanır. İP-i dağıtmaq və AXCP təkbaşına elə İP-ə bərabərdir görüntüsünü yaratmaq cəbhəçilərin başlıca vəzifəsidir. AXCP-nin təbliğat ruporu Müsavata qarşı güclü hücuma keçib. Ankaradan yayınlanan "Media TV" televiziyasında  Qənimət Zahidin rəhbərliyi və Seymur Həzinin aparıcılığı ilə "Azərbaycan saatı" verilişində ancaq AXCP təbliğ olunur. Bu barədə müsavatçılar sosial şəbəkələrdə olduqca aqressiv yazırlar. Qeyd olunur ki, AXCP həmin televiziyadakı əməkdaşlarına Müsavatı boykot etmək göstərişi verib. Efirə verilən videoçarxlarda ancaq AXCP təbliğ olunur, aksiyalarda yalnız AXCP üzvləri göstərilir, müsavatçılar olan yerlər qayçılanır. Bunları heç şübhəsiz ki, Əli Kərimlinin birbaşa göstərişi ilə Rəyasət Heyətinin üzvü, "İsa Qəmbər Əli Kərimliyə güzəşt etsin" fikrinin müəllifi Seymur Həzi edir. Seymur Həzi "Yurd"un köhnə qvardiyasından olmaqla İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyünə nifrət bəsləyən adamdır. Bu günə qədər Seymur Həzi verilişinə Müsavat düşərgəsindən yalnız İsa Qəmbəri çağırıb. AXCP-dən isə sədr müavinləri dəfələrlə bu verilişin qonağı olublar. AXCP-nin təbliğat zərbələri təşkilati hazırlıqlara paralel gedir.  Böyük ehtimalla, AXCP "Səkkizliy"in bazasında özünə yeni seçki bloku yaradacaq. Amma Müsavat da boş dayanmır. Sızan xəbərlərə görə, Pənah Hüseynin projesinə əsasən, AXCP İctimai Palatadan uzaqlaşdırılacaq.  İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyü AXCP-nin yerinə başqa partiyaları İP-ə gətirmək istəyirlər. Bu sırada AXP, KXCP ön sıradadır. Yəqin ki, qondarma fraksiyaya dəstəyi kəssə, KXCP Müsavatla münasibətləri yumşaldacaq. Hətta "Səkkizlik"də AXCP ilə bir yerdə olmaq istəməyən KXCP İctimai Palataya da daxil ola bilər. Keçmiş DUİ partiyalarının da İP-ə daxil olmaq ehtimalı yüksəkdir. Müsavat rəhbərliyi nəyin bahsına olur-olsun İP-in dağılmasını istəmir. AXCP çıxsa belə, Müsavat tək AXP ilə qalsa da İctimai Palatanı qoruyub saxlayacaq. Müxalifət daxilində yeni düzənin əsası qoyulur. Yeni ilin ilk aylarında AXCP və Müsavat ərtafında yeni siyasi birliklər yaranacağı artıq indidən bəllidir.

Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00