"Freedom House”-un 8 ildən sonra da nə deyəcəyi məlumdur
Komitə sədri: “Qurum Azərbaycanla bağlı reytinqlərdə mütəmadi olaraq obyektivlikdən uzaq olmasını sübut edib”
17 Dekabr 2012 12:31 Siyasət"Freedom House"-un bu mövqeyinin qərəzli və reallıqdan uzaq olduğu üçün artıq onun növbəti hesabatlarında da başqa münasibətin olacağı ehtimal edilmir". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Freedom House"-un növbəti hesabatında Azərbaycanın qeyri-azad ölkələr sırasında göstərilməsinə münasibətini bildirərkən dilə gətirib. \"OLAYLAR"İA\ Komitə sədri qeyd edib ki, Azərbaycan artıq 8-ci ildir ki, "azad olmayan ölkələr" kateqoriyasına daxil edilib: "Elə buna görə bəri başdan demək olar ki, 8 il sonra da "Freedom House"-un nə deyəcəyi məlumdur və heç bir əhəmiyyəti də yoxdur. Həmin qurum Azərbaycanla bağlı reytinqlərdə mütəmadi olaraq obyektivlikdən uzaq olmasını sübut edib. İki il əvvəl Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin-Ermənistanın da adını yazaraq, əvvəlcə "mübahisəli ərazi" kimi göstərməsi, sonra isə bu səhvinə düzəliş etməsi də yaddaşlardadır. Savadları və beynəlxalq hüquqla bağlı təsəvvürləri bu qədər olan təşkilatın rəyini necə ciddi qəbul etmək olar? Builki hesabatda da Dağlıq Qarabağ Azərbaycanın erməni separatçılarının idarə etdiyi işğal edilmiş deyil, "mübahisəli" ərazisi kimi göstərilir. Eyni zamanda, builki hesabatda ermənilərin qondarma rejimi "qeyri-azad" kimi qiymətləndirlib. Reytinqlərin reallığa əsaslanmadığını nəticələrin əvvəlcədən bəlli olması da göstərir. Sual olunur: məgər Azərbaycan 8 il əvvəlki ölkədirmi? Bu ölkədəki inkişaf və artım dünyada etiraf olunursa, həmin təşkilat nəyə əsaslanaraq bu cəfəngiyyatları yazır? Aydın məsələdir ki, qurumun mövqeyi stereotiplərə əsaslanır. Məhz buna görə bilirik ki, gələn il də Azərbaycan yenə həmin onluqlarda yer alacaq. Azərbaycan xalqı hər şeyin mənfi obrazda təqdim ediləcəyinə, korrupsiya, demokratiya və insan inkişafının pis vəziyyətdə olmasına dair səslənən iflas ssenarilərinə və proqnozlarına artıq vərdiş edib".