Yeni Yazarlar və Sənətçilər Qurumu "Freedom House" təşkilatının hesabatına dair bəyanat yayıb
17 Dekabr 2012 11:28 Siyasət"Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycan hissəsi ilə bağlı Yeni Yazarlar və Sənətçilər Qurumu bəyanat yayımlayıb.
Bəyanatda deyilir:
"Azərbaycanın yeni nəsil yaradıcı gənclərini, blogerləri, şəbəkə yazarlarını, kreativ intellektuallarını birləşdirən Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq ABŞ-da yerləşən "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair son hesabatındakı qərəzli, əsasən respublikamızı sevməyən müəyyən qüvvələrin maraqlarına uyğun subyektivliyini pisləyir, bununla əlaqədar bəyan edirik ki, bu sənədin əksər hissəsi qeyri-obyektiv mülahizələr əsasında tərtib olunmuşdur. Sənəddəki birtərəfli, aşağılayıcı bəndlər özünü beynəlxalq təşkilat hesab edən bu qurumun ölkəmizə qarşı qeyri-dost mövqeyini aydın büruzə verir, insan haqlarına hər zaman sayğıyla yanaşan Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa xidmət edən qlobal ictimai-siyasi və mədəni-kulturoloji missiyasına ləkə atır.
Qurumumuzda birləşən vətəndaş cəmiyyəti fəalları, yaradıcı intellektuallar və gənc üzvlər hesab edirlər ki, bir qrup məsuliyyətsiz insanın paytaxtımızın mərkəzində qanunsuz, icazəsiz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə qarşı asayiş keşikçilərinin qanunauyğun tədbirlər görməsi, bu cəhdlərin qarşısının alınması qanunların aliliyini tələb edən Qərb dünyasında anlaşıqlı qəbul edilməlidir. Lakin "Freedom House" təşkilatı üçün "azad ölkə" meyarı tamam başqa məqsədlər baxımından maraqlıdır. Əgər özünü ciddi beynəlxalq qurum sayan bu təşkilat qeyd edilənləri nəzərə almadan ölkəmizin azadlıq reytinqini aşağı endirirsə, bu zaman analoji hadisələrin baş verdiyi dünyanın əksər ölkələrinə də eyni münasibət sərgiləməli, uyğun mövqe nümayiş etdirilməli idi. Hesab edirik ki, sivil vətəndaş cəmiyyəti quran Azərbaycanda, bütün dünyada olduğu kimi, hər bir vətəndaş, hansı peşə sahibi olmasından asılı olmayaraq, öz fəaliyyətinin məsuliyyətini dərk etməli, qanunvericiliyin tələblərinə, eləcə də başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır.
Heç kimə sirr deyil ki, hüquqi dövlətdə insan hüquqlarının balansı mövcud olmalıdır. Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Azərbaycanda da hüquqların balansı belə qəbul olunub. "Freedom House" təşkilatının digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə - jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, blogerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi ilə bağlı obrazlı şişirdilmiş mülahizələrinə gəldikdə isə, yaradıcı sahənin adamları olaraq qəti etirazımızı bildirir, hesab edirik ki, onların tam əksər hissəsi subyektiv, müəyyən qrupların marağından irəli gələn yanlış mövqe hesab edilməlidir.
Onu da əlavə etmək istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların erməni işğalçıları tərəfindən işğalına, insan hüquq və azadlıqlarını kobud surətdə pozaraq azərbaycanlıların öz yurdundan qovulmasına göz yuman hesabat müəllifləri, Azərbaycanı "qeyri-azad", Ermənistanı isə "qismən azad" ölkələr sırasına daxil etməklə Azərbaycan ictimaiyyətinin etimadını tamamilə itirmiş oldular.
Biz sözügedən hesabatı qətiyyətlə pisləyir, vətəndaşlarımızı, ictimai-siyasi fəalları, QHT-ləri, ziyalıları və beynəlxalq ictimaiyyəti bu cür yalanlara aldanmamağa çağırırıq".