Rusiya XİN: "Rusiyanın Suriya münaqişəsinin həllində mövqeyi dəyişməyib"
Aleksandr Lukaşeviç: “Biz heç vaxt yatmırıq, öz mövqeyimizi dəyişmirik və dəyişməyəcəyik”
14 Dekabr 2012 18:06 SiyasətRusiyanın Suriya münaqişəsinin həlli məsələsində mövqeyi dəyişməyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə deyib.
"ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsinin "Nəhayət ki, Moskva yuxudan ayılıb və mövqeyini dəyişir" bəyanatını görmüşəm. Demək istəyirəm ki, biz heç vaxt yatmırıq, öz mövqeyimizi dəyişmirik və dəyişməyəcəyik".
Qeyd edək ki, dünən Rusiya XİN başçısının müavini Mixail Boqdanov "Rəsmi Moskva Suriyada hərbi qarşıdurmanın xarici dəstək hesabına müxalifətin qələbəsi ilə başa çata biləcəyini istisna etmir" bəyanatı ilə çıxış edib. Nazir müavini Suriya hökuməti və mövcud rejimin getdikcə nəzarəti əldən verdiyini söyləyib: "Təəssüf ki, Suriyada müxalifətin qələbəsini istisna etmək mümkün deyil. Mövcud rejimə qarşı çıxanlara xaricdən silah daşınması və "Suriyanın dostları" qrupu tərəfindən Milli Koalisiyanın qanuni hakimiyyət kimi tanınması onların qələbəyə olan inamını daha da artırır. Müxalifət ölkə ərazisinin 60 faizinə nəzarət etdiyini iddia edir. Onlar yaxın vaxtlarda Hələb və Dəməşq şəhərlərini də tutacaqlarını deyirlər".
ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi rusiyalı diplomatın bu bəyanatını "Nəhayət ki, Moskva yuxudan ayılıb və mövqeyini dəyişir" deyə şərh edib.
Onu da qeyd edək ki, dünən Rusiyanın aparıcı mediası Mixail Boqdanovun İctimai Palatada müzakirələr zamanı çıxışı barədə məlumat yayıb.
A. Likaşeviç isə bugünki brifinqdə Mixail Boqdanovun son günlərdə Suriya mövzusu ilə bağlı müsahibə və ya açıqlama vermədiyini söyləyib: "Rusiya Suriya münaqişəsinin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Bu konfliktin başqa həlli yolu yoxdur. Mövcud hakimiyyətlə müxalifətin dialoqunun təşkil edilməsinin tərəfdarıyıq".
Publika.Az