Milli QHT Forumunun "Freedom House"la bağlı bəyanat yaydı

Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti birliklərinin konfedrativ qurumu  - Milli QHT Forumu son günlər yerli media orqanlarında yayımlanan, ABŞ-da yerləşən "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı ilə əlaqədar bəyan edir ki, bu sənədin əksər hissəsi qeyri-obyektiv mülahizələr əsasında tərtib olunmuşdur. Biz bu hesabatı özünü beynəlxalq təşkilat hesab edən bir qurumun ölkəmizə qarşı növbəti qərəzli mövqeyi kimi dəyərləndiririk.
600-dən artıq QHT-nin üzv olduğu Milli QHT Forumunda birləşən vətəndaş cəmiyyəti qurumlarının liderləri və üzvləri hesab edir ki, "Freedom House" üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanların şəhərin mərkəzində qanunsuz və icazəsiz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə qarşı asayiş keşikçilərinin qanunauyğun tədbirlər görməsi, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı endirirsə, bu zaman analoji hadisələrin baş verdiyi dünyanın əksər ölkələrinə də eyni münasibət sərgilənməli, uyğun mövqe nümayiş etdirilməlidir. Sivil vətəndaş cəmiyyəti quran Azərbaycanda hər bir şəxs, hansı peşə sahibi olmasından asılı olmayaraq, öz fəaliyyətinin məsuliyyətini dərk etməli, qanunvericiliyin tələblərinə, eləcə də başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır.
Xatırlamaq yerinə düşər ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar erməni işğalçıları tərəfindən zəbt edilməsinə, insan hüquq və azadlıqları kobud surətdə pozularaq azərbaycanlıların öz yurdundan qovulmasına göz yuman bu hesabat müəllifləri, beynəlxalq normalarda da təsbit olunduğu kimi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasından, oradan qovulmuş bir milyona yaxın soydaşlarımızın öz doğma torpaqlarına qayıtması, o yerlərin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunması kimi problemləri, həmişəki kimi, "unudurlar".
Hüquqi dövlətdə insan hüquqlarının balansı mövcuddur. "Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Bizim Azərbaycan dövlətimizdə hüquqların balansını belə anlayırıq. "Freedom House"un təşkilatının digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə - jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, blogerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikir və mülahizələrə gəldikdə isə hesab edirik ki, onlar da subyektiv mülahizədən başqa bir şey deyil. Bu anti-Azərbaycan meyilli hesabatda Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə QHT-nin məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın bugünkü gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur. Bu tipli ittihamlar bizim üçün tanış böhtan və yalanlar üzərində qurulmuşdur. "Eurovision" müsabiqəsi zamanından şiddətlənən bu kampaniyanın arxasında erməni lobbisi və bəzi anti-Azərbaycan dairələr dayanır ki, məqsədləri də guya insanların mülkiyyət hüququnun pozulduğunu şişirdərək Azərbaycanın artmaqda olan müsbət imicinə zərbə vurmaq, Qərbdə onun dinamik inkişaf edən ölkə obrazını zədələmək, nüfuzuna xələl gətirməkdir.
"Freedom House"un təşkilatının hesabatını ümumiləşdirsək, bu hesabat neçə illərdir ki, ardıcıl olaraq bir-birinin ardınca bəzi QHT-lərin hazırladığı hesabatlardan heç nə ilə fərqlənmir. Burada tək Azərbaycanın adı keçmir, bütün postsovet ölkələri bu siyahıya salınıb, guya bunların əksəriyyətində insan hüquqları və azadlıqları pozulur, məhdudlaşdırılır. Mənfi qiymətləndirmənin əksər postsovet ölkələrinə aid olması onu göstərir ki, "Freedom House" təşkilatının istifadə etdiyi metodologiya və yanaşma doğru deyil, "Freedom House" təşkilatının əsaslandığı mənbələr subyektiv mülahizələrdən çıxış edir və o qaynaqların çoxu məqsədyönlü fondlardan maliyyələşən QHT-lərdir ki, onlar da Azərbaycanın mənfi imicinin formalaşdırılmasında maraqlıdırlar.

Bir daha narahatlığımızı ifadə etməklə, bildiririk ki, Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin gerçəkliklərini təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirir. Belə təşkilatlardan olan "Freedom House"nin təşkilatının insan haqları və azadlıqlarının durumuna dair növbəti illik "hesabatında" Azərbaycanla bağlı irəli sürülən iddialar heç bir gerçəkliyə söykənmir, qeyri-obyektiv və qərəzlidir. Bu təşkilatın hesabatlarında Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur.
İnsan hüquq və azadlıqlarının durumuna görə Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkələr sırasına daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürüdür. "Freedom House" 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında hətta Beynəlxalq Telekommunikasiya təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etmişdir.
"Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın durumunu müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Təəssüflə bildiririk ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin "Freedom House"a təşkilatına rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edir ki, təşkilatın Azərbaycanla bağlı iddiaları gerçəkliyi əks etdirmir, qeyri-ciddidir və xarici anti-Azərbaycan dairələrin sifarişinin məhsuludur. "Freedom House" anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil və balanslı araşdırma aparmadan öz yekun qənaətini yalnız bu "donoslar" əsasında formalaşdırır.
Azərbaycan vətəndaş cəmiyyəti üzvləri və liderləri olaraq belə qərəzli hesabatı pisləyir, son olaraq hesabat müəlliflərini ölkəmizə səfərə dəvət edirik ki, həqiqəti və faktları öz gözləri ilə birbaşa görsünlər. Bildiririk ki, lazım olsa, biz sizin Azərbaycana səfərinizi təşkil etməyə də hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00