QHT Əməkdaşlıq Alyansı “Freedom House” təşkilatının hesabatı ilə bağlı bəyanat yayıb
14 Dekabr 2012 13:17 Siyasət"Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyəti ilə bağlı növbəti hesabatı yayılıb. Əslində, bu cür hesabatlar bütün ölkələrdə insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətini düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Lakin təəssüflə bildirməliyik ki, hesabatı hazırlayanlar qarşılarına başqa məqsəd qoymuş, obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstərmişlər. Azərbaycanın adının demokratik işartıların belə görünmədiyi ölkələrlə bir sırada çəkilməsi və "avtoritar rejimli ölkələr"ə aid edilməsi fikrimizi əyani şəkildə təsdiq edir. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqları, demokratiya və vətəndaş cəmiyyəti ilə bağlı güclü qanunvericilik bazası formalaşdırılıb, siyasi partiya və qeyri-hökumət təşkilatları, çap, elektron və internet mediası sərbəst fəaliyyət göstərir. Ölkədə demokratik təsisatların fəaliyyəti, insan haqlarının qorunması vəziyyəti heç də Ermənistandan aşağı səviyyədə deyil. Amma, nədənsə, hesabatda həmişə olduğu kimi Ermənistan Azərbaycandan üstün mövqedə təqdim olunur. Üzərinə insan haqlarının qorunmasına kömək göstərmək kimi vacib missiya götürmüş bir təşkilatın öz hesabatını ikili standartlara əsaslanaraq hazırlaması, haqlı olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrində təəssüf hissi doğurur və sənədin obyektivliyinə şübhə yaradır. Etiraf etmək lazımdır ki, ölkədə müəyyən sahələrdə hələ də görüləsi işlər vardır. Hazırda qarşıya çıxan problemlərin aradan qaldırılması, vətəndaşların hüquqlarının təmin olunması yolunda kifayət qədər ciddi islahatlar həyata keçirilir. Ölkədə elektron hökumətin və ASAN xidmətinin yaradılması vətəndaş-məmur ünsiyyətinin sıfıra endirilməsinə və insanların qanuni mənafelərinin qorunmasına xidmət edir.
50-dən çox qeyri-hökumət təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı hesab edir ki, "Freedom House" təşkilatının bu hesabatı Azərbaycandakı mövcud reallığı əks etdirmir və birtərəfli qaydada hazırlanmışdır. Düşünürük ki, hesabatda ölkələrə qarşı ikili münasibətin nümayiş etdirilməsi özünü beynəlxalq hüquq müdafiə təşkilatı adlandıran quruma əsla hörmət gətirmir. Biz beynəlxalq səviyyədə insan hüquqlarına qiymət vermək istəyən bu təşkilatı ölkələrdəki vəziyyəti düzgün dəyərləndirməyə, informasiyaları daha dəqiq və qərəzsiz mənbələrdən əldə etməyə səsləyirik.