“Freedom House” anti-Azərbaycan dairələrin sifarişini icra edir - ŞƏRH

Təşkilat Azərbaycanla bağlı qərəzli hesabat hazırlamaqdan usanmır

Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Bu təzyiqlərin müxtəlif üsul və vasitələrlə həyata keçirilməsinə cəhd edilib. Xüsusən, son illər Azərbaycanda bütün sahələrdə baş verən inkişaf belə iddiada olan məkrli təşkilatları daha da qıcıqlandırmağa başlayıb. Ölkənin əldə etdiyi iqtisadi uğurlar, beynəlxalq aləmdə möhkəmlənən imici, hərbi potensialının güclənməsi, regionda nüfuzlu dövlətə çevrilməsi ona qarşı təhdidləri daha da intensivləşdirib. Maraqlısı odur ki,  dünyada məhşurluğu ilə fərqlənən ən müxtəlif təşkilatlar belə iddiada bulunublar. Bu məsələdə ən əlverişli təzyiq vasitəsi Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa cəhddir ki, artıq ölkəmiz buna dəfələrlə duruş gətirə bilib. Buna baxmayaraq, Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Belə təşkilatlardan olan "Freedom House"nin dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik "hesabatında" Azərbaycanla bağlı irəli sürülən iddialar heç bir reallığa söykənmir. Sənədlə ilkin tanışlıq Azərbaycan barədə cüzi məlumatı olan şəxsdə onun  qeyri-obyektiv və qərəzli olduğu anlamına gəlir. Məlumat üçün qeyd edək ki, sözügedən təşkilatın  hesabatlarında mütəmadi olaraq Azərbaycan barədə dəqiqləşdirilməmiş, qərəzli məlumatlar əksini tapıb. Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur. Əslində isə "Freedom House" anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu "donoslar" əsasında formalaşdırır. Belə qeyri-obyektiv məlumatlar təbii ki, Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.  Təsadüfi deyil ki, belə "hesabatlar" hətta tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin narazılığına səbəb olur. İnsan hüquq və  azadlıqlarının vəziyyətinə görə Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkələr sırasına daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürüdür. Təkcə bu fakt deməyə əsas verir ki, təşkilatın ruhunda anti-Azərbaycan təbliğatı durur. Bununla kifayətlənməyən belə təşkilatlar  çəkinməyərək beynəlxalq qurumların Azərbaycan barədə müsbət fikirlərini təhrif edərək hesabatlarına salırlar. Konkret olaraq "Freedom House" 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında  Beynəlxalq Telekommunikasiya Təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etmişdi. "Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Artıq yaranmış  vəziyyət beynəlxalq ictimaiyyəti də narahat etməkdədir. Dünyanın tanınmış siyasi xadimləri hesab edirlər ki, "Freedom House" təşkilatında yaranan bu vəziyyət təsadüfi deyil, məqsədli, düşünülmüş şəkildə yaradılır. Təsadüfi deyil ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin "Freedom House"a rəhbər təyin olunub. Məhz onun təyinatından sonra  bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirilib. By prizmadan çıxış edən  insan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşmış ekspertlər, QHT rəhbərləri hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı iddiaları qətiyyən reallığı əks etdirmir. Ən yaxşı halda sözügedən hesabat xarici anti-Azərbaycan dairələrin sifarişinin məhsuludur. Təbii ki, belə fəaliyyət hər şeydən əvvəl bu təşkilatın özünün beynəlxalq imicinə zərbə vurur. Demək olar ki, islam dövlətləri arasında "Freedom House" təşkilatına   inam  qalmayıb və sifarişlə işləyən təşkilat imici qazanıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00