Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir - MİLLƏT VƏKİLİ
13 Dekabr 2012 16:39 Siyasət"Freedom House" təşkilatının yaydığı son hesabatda Azərbaycanla bağlı məqamlar tamamilə qərəzli, qeyri-obyektiv və məqsədli şəkildə yayılmış məlumatdır. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. YAP rəsmisi deyib ki, bu təşkilat və onun rəhbərliyində olan şəxslər müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı qara piar kampaniyasına qoşulub: "Bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görmək mümkündür. Biz bu məsələ ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik". Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir: "Burada bir neçə amil var ki, onun başında erməni lobbisi dayanır. Erməni lobbisi nəyin bahasına olursa olsun, Azərbaycana qarşı qara piar kampaniyasına rəvac verir və bunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır. Diqqət çəkən məqam odur Freedom House daha çox islam ölkələrinə qarşı qərəzli mövqe nümayiş etdirir. İşğalçı, eyni zamanda öz vətəndaşlarına qarşı qəddarlıqlar törədən Ermənistanın Azərbaycandan üstün mövqedə göstərilməsi isə gülünc olmaqla yanaşı bu təşkilatın mahiyyətini bir daha ortaya qoyur". YAP rəsmisi deyib ki, hesabatda göstərilənlərin əksinə olaraq Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub.