“Azərbaycanlılar İranda hakimiyyəti ələ keçirə bilərlər”

Qabil Hüseynli: “Amerikanın planında Güney Azərbaycan məsələsi yoxdur”

Suriyada vətəndaş müharibəsi sona çatacağı təqdirdə İsrail-İran müharibəsinin gündəmə gələcəyi birmənalıdır. Belə olan təqdirdə Güney Azərbaycan məsələsi qloballaşacaq. İsrail və Amerikanın İranı məğlub etməsi Azərbaycan Birləşmiş Dövlətinin yaranması üçün tarixi şans olacaq. Lakin, bəzi siyasi analitiklərin fikirlərinə inansaq, vəziyyət heç də göründüyü kimi sadə deyil. "Amerikanın İrana hücumu ilə bağlı məsələlər öz reallığını tapmayıb. Bununla bağlı tez-tez çox uzağa gedən proqnozlar verilir. Amerika İrana hücum edəcəyi təqdirdə İraq kimi İranın da ərazi bütövlüyü qorunmağa çalışılacaq" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə İranın parçalanması gündəmdə yoxdur: "ABŞ-ın İranla bağlı planı hazırdır. Ancaq, o planda İranı parçalayaraq Güney Azərbaycanın Quzeyə birləşdirilməsi yoxdur. Ümumiyyətlə, Yaxın Şərqdə sərhədlərin dəyişdirilməsi məsələsinə Amerika müsbət yanaşmır. Baxsaq görərik ki, İraqda kürdlər yüksək səviyyədə muxtariyyət əldə ediblər və Bağdad rejimi kürdlərin hüquqlarının azaldılması üçün qərarlar qəbul edir. Lazım gələrsə bu qərarları icra etmək üçün silahlı yollara əl ata bilərlər. Kürdlərin İraqın şimalında dövlət yaratması Amerikanın da xoşuna gəlmir. Bağdad artıq Kürdüstanla müharibəyə hazırlaşır. Əgər İrana qarşı hər hansı müharibə olacaqsa o zaman demokratik İranın yaradılmasına cəhd edəcəklər. Yəni ki, İranın parçalanmasına yox, İranın demokratikləşməsinə çalışacaqlar. Bu da Azərbaycan üçün yaxşı hal olacaq. Belə olan təqdirdə İranda digər etnoslardan sayca üstün olan azərbaycanlılar İranda keçirilən demokratik seçkilərdən istifadə edərək İranda hakimiyyəti ələ keçirə bilərlər" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00