Müxalifət parçalanır - SİYASİ ANALİZ
Hansı qanad daha güclü olacaq?
13 Dekabr 2012 13:43 SiyasətSəkkiz müxalifət partiyasının "Asiman" görüşündən sonra İctimai Palatanın birliyi faktiki olaraq pozulub. Müsavata yaxın mətbuat, sosial şəbəkədə aktiv şəxslər qurumun yaşadığını iddia etsələr də, İP-in nə zaman buraxılacağı an məsələsidir. Siyasi müşahidəçilər İP-in ən geci gələn ilin martında buraxılacağını proqnozlaşdırırlar. İP-in dağılmasının əsasını Müsavat başqanı İsa Qəmbərin "prezident seçkilərində iştirak edəcəyəm" bəyanatı qoydu. Müsavatın Əli Kərimlinin namizədliyini dəstəkləyəcəyini güman edən və aldadılan AXCP bundan narazı qaldı. Müsavat təbliğatının hücumları ara vermir, AXCP sədrini hövsələdən çıxarırdı. AXCP susduqca cəmiyyətdə elə bir rəy yaranırdı ki, AXCP sədri seçkilərə qatılmayacaq və dolayıyolla Müsavat başqanının qarşısından çəkiləcək. Açığı, bu təbliğat yerinə düşür, inandırıcı görsənirdi. Gerçəkdən də Əli Kərimli heç bir iddia ortaya qoymurdu. AXCP sədrinin manevr imkanları daralmışdı. AXCP İctimai Palatadan çıxdığını bəyan edə bilməzdi. Əli Kərimli prezident seçkilərində namizəd olacağını da elan edə bilməzdi-bu, Müsavat başqanının addımını təkrarlamaq olardı. Yeganə yol Müsavata təzyiq yolunun seçilməsi idi ki, AXCP məhz buna getdi. "Səkkizliy"in görüşünə qatılmaqla AXCP sədri Müsavata təzyiq etmiş oldu. AXCP sədri bilir ki, "səkkizlik" də elə partiya var ki, ictimaiyyət onları müxalifət kimi qəbul etmir. Məsələn, Ümid və AVİP müxalifətdən çoxdan dışlanıb. Özü də bu işdə AXCP-nin, bu partiyanın ətrafındakı yazarların da az rolu olmayıb. AXCP-nin bu partiyalarla yolçuluğu uzun ola bilməz. Əgər bu partiyalarla birliyin perspektivi olsaydı, AXCP, ALP və AVİP-dən ibarət "Azadlıq" bloku dağılmaz, İctimai Palata yaranmazdı. AXCP-də yaxşı bilirlər ki, onlar Müsavatla birgə seçkiyə getsələr daha yaxşı nəticə göstərə bilərlər, nəinki "səkkizlik"lə. Amma birgə seçkiyə getmək üçün Müsavat AXCP-nin şərtini qəbul etməli idi. Şərt qəbul olunmayınca AXCP-nin İP-dən çıxmaqdan başqa yolu qalmır.
Bəs İctimai Palata dağılarsa, AXCP ilə Müsavatın yolları ayrılarsa hansı qanad güclü olacaq? "Səkkizlik" dışında qalan Müsavatın təklənmə təhlükəsi varmı? Hansı adda olur-olsun, yaranacaq birliklər AXCP və Müsavatın bloku adlanacaq. O üzdən AXCP-dən narazılar Müsavatın ətrafında birləşəcək, Müsavatdan incik düşənlər isə AXCP-yə meyllənəcək. "Səkkizliy"ə gəlincə, bu qurumun bu tərkibdə qalması mümkün deyil. Yəqin AXCP daha çox ADP, ALP və AMİP-lə əməkdaşlıq edəcək. AVİP, Ümid kimi qaranlıq imicə malik partiyalar yeni birlikdən dışlanacaq. KXCP sədrinin Müsavata ilıq mesajından anlaşılır ki, Müsavat "fraksiya" adlanan qondarma quruma dəstəyi kəsərsə, klassiklər Müsavatla birlik yarada bilərlər. Pənah Hüseynin bu günlərdə yenidən AXP sədri seçilməsi onu göstərir ki, AXP-ni ehtiyat variant kimi yenidən gücləndirirlər. Müsavatın yaradacağı blokda daha çox partiya görsənməsi üçün müttəfiqlər siyahısına AXP də əlavə olunacaq. Böyük ehtimalla, KXCP, AXP Müsavatın yaradacağı birlikdə təmsil olunacaq. Ziyalılar Forumuna gəlincə, bu qurumda Müsavata meylli şəxslər daha çoxdur. Rəsul Quliyevin partiyası iki yol arasında qalıb. ACP ADP ilə birgə ola bilməz, ona görə də "səkkizliy"in bazasında yaranacaq birlikdə olmayacaq. ACP sədri Müsavatdan narazı ayrıldığı üçün Müsavatın yaradacağı blokda da ola bilməz. Yəqin ki, 2003-cü ildə olduğu kimi R.Quliyev qarşıdakı seçkidə də sözünü sonda -seçkiyə bir gün qalmış deyəcək.
Fikrimizcə, İP dağılsa, müxalifətin parçalanması reallaşsa, AXCP və Müsavatın yaradacağı güc mərkəzləri təxminən eyni gücdə olacaqlar.
Aslan