Mübariz Əhmədoğlu: "ABŞ-dan investisiya çəkməkdə Ermənistanın əsas ümidi baş nazirinin blefmeykerliyinədir"

Ermənistan baş naziri Tiqran Sarkisyan ABŞ-da Ermənistana investisiya cəlb etməklə məşğuldur və bu işdə onun ən yaxın köməkçisi ABŞ-ın Ermənistandakı səfiri Con Hefferndir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirinin ABŞ-da həm ermənilər, həm də digər iş adamları arasında Ermənistana investisiya cəlb etmək təbliğatı aparmaq ideyası ilk dəfə deyil. Əvvəlki səfir Marie Yovanoviç də bununla məşğul olub. "İkinci dəfə bu missiyaya qayıtmağın əsas parametri baş nazir Tiqran Sarkisyanın blefmeykerliyi ilə bağlıdır; yalan danışmaqda mükəmməl mahirdir. Ermənistan prezidenti Serj Sarkisyana müxtəlif tərəflərdən və ölkənin daxilindən təzyiqlərin olmasına baxmayaraq Tiqran Sarkisyanı məhz təkmil yalan danışmaq bacarığına görə baş nazir postunda saxlayıb", - Əhmədoğlu deyib. O qeyd edib ki, bundan əvvəlki vəzifəsində - Ermənistan Mərkəzi Bankının sədri olarkən yalanları ilə bank sektorunu inkişaf etdirdi. Ermənistan iqtisadiyyatının digər sahələri gerilədiyi halda çirkli pulların yuyulması hesabına bank sektoru gücləndi. Tiqran Sarkisyanın yalanları Ermənistan banklarının real işini aşkarlamağa imkan vermədi. "İndi Tiqran Sarkisyan ABŞ-da İT ilə məşğul olan iri şirkətləri aldatmaqla məşğuldur. ABŞ-dakı ermənilər erməni Tiqran Sarkisyanı tanıdığı üçün onun tələsinə düşmədilər. Lakin ABŞ-dakı qeyri-erməni mənşəli iş adamlarının onun yalanlarının toruna düşmək ehtimalı çoxdur. İmzalanan sənədlər bunu göstərir", - Əhmədoğlu deyib. Onun sözlərinə görə, Tiqran Sarkisyanın ABŞ-dakı iri şirkətlərinin təmsilçiləri üçün söylədiyi yalanlardan biri "Ermənistan savadlılar ölkəsidir" deməsidir. Əhmədoğlu deyib ki, ola bilər, Ermənistan haçansa savadlılar məskəni olub, amma indi Ermənistanda təhsil ən prioritet sahə deyil. Hərbi sahə Ermənistanda prioritetdir. "18 yaşına çatmış erməni gənci ali məktəbdə təhsilini dayandırıb hərbi xidmətə getməlidir. Böyük əksəriyyəti hərbi xidməti Qarabağda keçirirlər. Erməni gəncinin iki illik hərbi xidməti onun nəinki təhsilini, ümumilikdə psixologiyasını tamamilə dəyişir. Təhsildəki fasilə Ermənistanda güclü elmi potensialın yaranmasına imkan vermir. Dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi 5-ci yerdədir. Bu ölkə alimlərinin elmin vəziyyəti ilə bağlı həyəcan təbili bir an dayanmır", - politoloq deyib.

Onun sözlərinə görə, Tiqran Sarkisyanın ikinci əsas yalanı "İT sahəsində kifayət qədər kadr var" iddiasıdır. "Ermənistan İT sahəsində kifayət qədər kadrlara malik olmadığını prezident və baş nazir bir neçə dəfə etiraf ediblər. Ermənistanda İT sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər hamısı bu problemin mövcudluğunu bildiriblər", - politoloq deyib. Əhmədoğlunun sözlərinə görə, Tiqran Sarkisyanın yalanlarından biri də onun "Ermənistanda İT sahəsi ildə 20 faiz artımla inkişaf edir" deməsidir."Bu, ağ yalandır. 2005-ci ildən üzü bəri Ermənistanın İT sahəsinin pul dövriyyəsi təxminən 200-300 milyon dollardır. Bu sahənin verdiyi gəlir elə həm ildən 100 milyon dollarla ölçülür. Kimsə başqa rəqəm bilirsə, ortalığa qoya bilər", - politoloq deyib. O bildirib ki, Tiqran Sərkisyanın danışdıqlarının yalan olduğunu bildiyi halda ABŞ-ın Ermənistandakı səfiri bunları doğru kimi təqdimatında iştirak edir. Səfiri bu yalanları doğru kimi təsdiq etməyə vadar edən səbəbləri araşdırmağa ciddi ehtiyac var. "Prezident seçkiləri ərəfəsində Ermənistan rəhbərliyi var qüvvəsi ilə çalışır ki, haradansa nə isə pul tapsın. Çünki prezident seçkisində iştirak etməyə hazırlaşan Serj Sarkisyanın pulu yoxdur. Seçki isə qapının ağzındadır", - Əhmədoğlu deyib. O vurğulayıb ki, Ermənistana maliyyə resursları ixrac etməkdənsə ağıl ixrac etmək daha vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00