Qərb Suriyanın parçalanmasını istəyir - REGİON
13 Dekabr 2012 13:33 SiyasətBaşa vurmaqda olduğumuz 2012-ci ilə damğasını vuran ən mühüm beynəlxalq hadisələrdən biri Suriyada yaşanan vətəndaş qarşıdurmasıdır. Cari ilin əvvəllərindən Suriya prezidenti Bəşər Əsədin istefaya göndərilməsi tələbi ilə başalanan etiraz aksiyalarının artıq silahlı qarşıdurmaya çevrilməsi və Bəşər Əsədin öz xalqına qarşı qətliamlar həyata keçirməsi rəsmi Dəməşqin Qərblə onsuz da pis olan münasibətlərini bir qədər də gərginləşdirib. Ölkə ərazisində həyata keçirdiyi insanlıq əleyhinə cinayətlər Suriya prezidentinin dünyada düşmən obrazını formalaşdırıb. Hətta bir vaxtlar yaxın dostluq münasibətlərinə malik, geniş həcmli ticarət mübadiləsinin aparıldığı Türkyə də Suriya rejiminin qəddarlıqlarına qarşı çıxaraq Əsədin hakimiyyətdən getməsinə tərəfdar olan ölkələr sırasına qoşulub. Bu azmış kimi Türkiyə-Suriya sərhəddi indi prezident Bəşər Əsədi hakimiyyətdən salmağa çalışan üsyançılar üçün strateji keçidə çevrilib. Bu öz=zölüyündə Türkiyənin özünü də istər-istəməz Suriyadakı böhrana çox cəlb edib.
Xüsusilə, Türkiyəyə məxsus qırıcı təyyarənin Suriya tərəfindən vurulması, eləcə də cari ilin oktyabr ayında Suriyanın Türkiyə ərazisini artilleriya atəşinə tutmasına cavab olaraq rəsmi Ankaranın ortaya qoyduğu mövqe və sərt reaksiya Ankara-Dəməşq münasibətlərini bir qədər də gərginləşdirib. Türkiyənin cavab olaraq altı gün bir-birinin ardınca Suriyaya endirdiyi raket zərbələri artıq iki ölkəni savaş vəziyyətinə gətirib. Suriyada hökm sürən böhran artıq Türkiyəyə açıq şəkildə təsirini göstərir. Hər gün sərhəddi keçən qaçqınların sayı 2 mindən artıqdır ki, bu da Ankaranı ciddi narahat edir. Eyni zamanda Suriyada davam edən münaqişə Türkiyədə PKK terror təşkilatının yaraqlıları ilə uzun illərdir aparılan mübarizənin yenidən alovlanmasına gətirib çıxarıb. Hazırda Suriya kürdləri hökumət qüvvələrinin sıxışdırılıb çıxarılmasından sonra ölkənin şimalında böyük bir əraziyə nəzarət edir. Bu isə Ankara üçün ciddi təhlükələrdən xəbər verir. Türkiyə dövləti Suriyada cərəyan edən proseslərin fonunda bu ölkənin şimalında kürd dövlətinin yaranması ilə başa çata biləcək olaylardan çox narahatdır. Çünki bu baş verərsə Türkiyə dövləti əleyhinə mübarizədə PKK terror təşkilatının daha da güclənməsinə gətirib çıxaracaq.
Suriya üsyançıları vətəndaş müharibəsi gedən ölkənin bəzi ərazilərində üstünlüyü ələ keçirsə də, təhlilçilər münaqişədə balansı dəyişmək üçün heç bir tərəfindən kifayət qədər gücə malik olmadığını bildirirlər. Buna isə başlıca səbəb Bəşər Əsədin Suriya xalqına qarşı həyata keçirdiyi qətliama dünya birliyinin kəskin reaksiya bildirməməsidir. Düzdür, şifahi bəyanatlar şəklində Suriya rejiminin hərəkətləri pislənsə, Əsəddən hakimiyyəti təhvil vermək tələb olunsa da, bu istiqamətdə real iş görülmür. Suriya müxalifətinin əlində olan hərbi texnikaların Əsəd qüvvələri tərəfindən zərərsizləşdirilməsi, onlara əlavə hərbi dəstəyin göstərilməməsi indiki məqamda prosesləri Əsədin xeyrinə dəyişir. Elə bu cəzasızlıq sindromunun nəticəsidir ki, Bəşər Əsəd ölkədə baş qaldıran etirazları və silahlı qarşıdurmanı yatırmaq üçün daha sərt addımlar atır. Bölgədən gələn məlumatlara görə, Bəşər Əsəd qüvvələri müxalifətə qarşı artıq "Skad" tipli qısamənzilli raketlərdən istifadə etməyə başlayıb. Paytaxt Dəməşqdəki Əsəd qüvvələrinə aid hərbi bazalardan birindən atılan "Skad" raketləri ölkənin şimalındakı müxalifət qüvvələrini hədəf alıb. Maraqlısı odur ki, Əsəd qüvvələrinin "Skad" raketlərindən istifadə etməsi barədə məlumatlar Birləşmiş Ştatlar və NATO-ya da daxil olub. Lakin hər iki güc mərkəzi hələlik Suriya rejiminə qarşı real addımlar atmaq barədə fikir ortaya qoymayıb. Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Viktoria Nuland da Əsədin müxalifətə qarşı raketlərdən istifadə etdiyini təsdiqləyib. Jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Nuland deyib ki, Əsəd rejimi başqa bir qorxunc silah növündən istifadə edə bilər. Onun sözlərinə görə, Əsəd qüvvələri tərəfindən "'varil bombası'' adlanan raketlərin atılması Suriyada böyük fəlakətlərə yol aça bilər. Bu arada bir sıra Yaxın Şərq təhlilçiləri Suriya hakimiyyətinin bu tip raketlərdən istifadə etməsini Bəşər Əsədin çarəsiz vəziyyətdə qalması ilə əlaqələndirsələr də, fərqli düçünənlər də var. Onlar hesab edirlər ki, dünyanın aparıcı güc mərkəzlərinin Əsədə qarşı real hərəkətə keçməməsi Suriya prezidentinə belə bir cəsarət verib. Ekspertlərin qənaətincə, indiki məqamda Birləşmiş Ştatlar və Qərb üçün daha çox Suriyanın bir neçə yerə parçalanmasıdır. İraqın timsalında bunu qeyd edən təhlilçilər Əsəd hakimiyyətinə qarşı güc nümayiş etdirməməyin arxasında məhz bu amilin dayanmasını göstərirlər. İddia edilir ki, indiki məqamda Suriyanın parçalanması PKK-nın uzun illər arzuladığı Kürdüstan dövlətinin yaranması prosesini sürətləndirər ki, bu da Avropa və Birləşmiş Şttatlardakı kürdpərəst dairələrin maraqlarına xidmət edəcək. Son vaxtlar İraqdakı kürdlərin də fəallaşması təsadüfi hesab edilmir. Bildirilir ki, Avropa, Qərb Kürdüstan dövlətinin yaradılmasına yaşıl işıq yandırmaqla uzun illərdən bəri Türkiyəyə nəzərdə tutduğu həlledici zərbəni vurmaq istəyir.
Süleyman İsmayılbəyli