“İranda da bəziləri nüvə probleminin həll olunmasını istəmir”
12 Dekabr 2012 17:49 Siyasətİran prezidenti Mahmud Əhmədinejad dekabrın 12-də jurnalistlərə açıqlamasında ölkənin nüvə proqramından və Qərbin İrana təzyiqindən danışıb. "Media forum" saytının məlumatına görə, Əhmədinejad deyib ki, İran nüvə məsələsinin həlli üçün Qərblə əməkdaşlığa hazırdır: "Biz deyirik ki, əgər dünyada nüvə arsenalının və kütləvi qırğın silahlarının məhvini istəyiriksə hamımız əl-ələ verib bu sahədə birgə çalışmalı, bir-birimizlə əməkdaşlıq etməliyik. Biz onlara (Qərbə) deyirik ki, uranı zənginləşdirmək işində gəlin bizimlə əməkdaşlıq edin. Bu hamının xeyrinədir. Bizim bundan heç bir çəkinəcəyimiz yoxdur. Bizim siyasətin məqsədi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməkdir. Biz bu günə qədər də agentliklə maksimum əməkdaşlıq etmişik. Bundan sonra da belə olacaq. Lakin bəziləri güman edir ki, zorakılıqla dünyanı idarə edə bilərlər. Onlar bizə təzyiq də göstərə bilərlər. Ancaq bir şey var ki, bu kimi hərəkətlər nəticə vermir. Çünki dünya ictimaiyyəti buna reaksiya verəcək.
Təəssüflər olsun ki, İranda da bəziləri ölkənin nüvə probleminin həll olunmasını istəmir, bunda maraqlı deyillər. Onlar hesab edirlər ki, nüvə məsələsi ilə bağlı vəziyyət indiki kimi qalsa daha yaxşıdır".