İranda prezidentliyə namizədlərdən hansı Azərbaycana sərf edir?

Qabil Hüseynli: "Həsən Ruhani 4 il öncə seçkiqabağı verdiyi vədlərin hamısını yerinə yetirməsə də, bizim üçün daha münasibdir..."

Mayın 19-da İranda keçiriləcək prezident seçkilərinə dünyada maraq həddən artıq yüksəkdir. Artıq prezidentlik uğrunda mübarizə aparacaq namizədlərin sayına aydınlıq gəlib. Mindən çox iddiaçının qatıldığı prosesdə hazırkı ölkə rəhbəri Həsən Ruhani daxil olmaqla, 6 namizəd qeydə alınıb.

Sabiq prezident Mahmud Əhmədinejadın seçkiyə buraxılmaması da ciddi müzakirələrə səbəb olub. İranın keçmiş dövlət başçısı özü isə namizədlərdən heç birini dəstəkləməyəcəyini bəyan edib. Artıq indidən mayın 19-da seçkilərdə Qərb-Rusiya qarşıdurmasının yaşanacağına şübhə yeri qalmayıb. Belə ki, son 4 illik prezidentliyi dövründə H.Ruhani əvəz etdiyi M.Əhmədinejaddan fərqli olaraq, Qərblə ümumi dil tapa bildi. Bunu isə ABŞ başda olmaqla, nə Avropa dövlətləri unudub, nə də Rusiya. Mühafizəkar qüvvələrin qalib gəlmə ehtimallarının yüksək olduğunu görən Qərbin seçkilərə əl uzadacağını indidən təxmin etmək olar. Kreml isə hər vəchlə H.Ruhaninin növbəti 4 ildə postunda qalmasında maraqlı deyil. Rusiyanın dəstəklədiyinə şübhə yeri qalmayan M.Əhmədinejadın seçkilərə buraxılmamasından sonra rəsmi Moskvanın iddiaçılardan kimin üzərində dayanacağı maraq doğurur. 
Azərbaycanda da qonşu ölkədə gedən proseslər yaxından izlənir. Hansı namizədin qələbəsinin ölkəmiz üçün daha sərfəli olması ilə bağlı ən müxtəlif fikirlər var. Düzdür, əksəriyyət H.Ruhaninin postunda qalmasını Azərbaycan üçün daha məqbul hesab edirlər. Lakin digər iddiaçılar üzərində də polemika aparanlar az deyil.

Siyasi analitik Elxan Şahinoğlu bununla bağlı öz facebook səhifəsində maraqlı təhlil paylaşıb. Rəsmi Bakının maraqlarına hansı namizədin uyğun gəldiyi barədə bunları qeyd edib: "Qərb kimi Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir. Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Məhz Həsən Ruhaninin dövründə iki ölkə arasındakı əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan, Həsən Ruhani o birilərlə müqayisədə Azərbaycan üçün məqbul namizəddir. Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlki tək işğalçı dövlətlə əlaqələrini davam etdirirlər və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır. Ali dini lider milliyyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır. Məsələn, keçən ilin aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri Cümə namazlarında Azərbaycana dəstək ifadə edən ifadələr işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada varkən milliyyətcə azərbaycanlı olan ali dini liderin niyə Ermənistanla da əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil.

Azərbaycanın siyasi dairələri və cəmiyyəti İranın ali dini liderindən Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözləyir. Ali dini lider Tehranın Ermənistan siyasətini müəyyənləşdirməsində mühüm rol oynaya bilər. Bu, İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər. Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu, Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür".

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli H.Ruhaninin hakimiyyətdə qalmasını Azərbaycan üçün sərfəli sayır: "Həsən Ruhani 4 il öncə seçkiqabağı verdiyi vədlərin hamısını yerinə yetirməsə də (xüsusilə Azərbaycan dilində məktəblərin, televiziya və radioların açılması, qadınlara hürriyyət məsələsində müəyyən haqların tanınması ilə bağlı vədlərini həyata keçirmədi), o həqiqətən Qərblə münasibətlərdə və öz ölkəsinin mövqelərinin dünyaya açılmasında, qəbul edilməsində çox çevik, pozitiv siyasət yürütməyi bacardı. Azərbaycanla münasibətlərdə də Ruhani kifayət qədər çeviklik, dinamiklik nümayiş etdirdi. Ölkə rəhbəri Ruhaninin dövründə iki dəfə İrana səfər etdi. İndi də Ruhaninin ölkəmizə cavab səfəri gözlənilir. Ruhani ölkənin müxtəlif təbəqələrinin maraqlarına cavab verən siyasət yürütməyi də bacardı. Bu siyasəti həyata keçirməklə dünyanın da rəğbətini qazana bildi. Düzdür, İranda mühafizəkarlarla Ruhani arasında fikir ayrılıqları var. Amma hər halda, o, İran üçün böyük işlər gördü. Məsələn, Amerikada dondurulan milyardlarla vəsaitin geri qaytarılmasına, tətbiq edilən bir çox sanksiyaların bəzilərinin aradan qaldırılmasına nail oldu. Ən əsası neft ixracına və istehsalına nail oldu. Bu da hazırda ölkə iqtisadiyyatına böyük mənfəət verməkdədir. İran dirçəlir, adambaşına düşən milli gəlir səviyyəsi günbəgün artır. Bu da onu göstərir ki, Ruhaninin yeritdiyi siyasət ciddi nəticələr verir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ruhani hakimiyyətdən gedərsə, İranda mühafizəkar, qatı iranpərəst siyasət yürüdüləcək. Beynəlxalq ictimai rəylə də hesablaşmamağa çalışacaqlar. Zənnimcə, Ruhaninin yenidən prezident seçilməsi Azərbaycanın xarici siyasətinə tam cavab verən addım olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31