QHT-lərlə bağlı qanunvericilik Avropa standartlarına uyğundur

Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb.

Azay Quliyev: "Ümid edirik ki, 2017-ci il qeyri-hökumət təşkilatları üçün daha rahat və rəvan keçəcək"

Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan "Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb. Hesabatda QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliklə bağlı bəzi tövsiyələr əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Avropa İttifaqı, Avropa Şurası bu bir il ərzində bizimlə 4 gün ərzində deyil, bir il müddətinə işgüzar çalışsaydılar, tövsiyələr meydana çıxmazdı: "Burada konkret irad yoxdur, onu tapmaq mümkün də deyil. Ümumi tövsiyələr var. Bizim qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyimiz ümumi Avropa standartlarına, Konvensiyasına uyğundur". Komitə sədri bildirib ki, Azərbaycandakı sistem bəzi ölkələrin təcrübəsinə uyğun olmaya bilər: "Elə bilirsiz ki, Avropa ölkələrində elektron qeydiyyat var? Hesabat hazırlanarkən Milli Məclisin nümayəndələrindən ekspert kimi dəvət etsəydiniz, onlar milli qanunların tətbiqini izah edərdilər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu tövsiyələri nəzərə alaraq, mövcud qanunvericiliyə dəyişikliklərlə bağlı əsas görmür. Bunu nəzərə almalısınız. Qanunvericilikdə dəyişikliklər edilən zaman dəfələrlə qeyri-hökumət təşkilatları ilə görüşmüşük. Biz bilirik ki, qeyri-hökumət təşkilatları hansı problemlərlə üzləşirlər. Bilirik ki, maliyyə əməliyyatları, banklarla təmasda müəyyən problemlərlə üzləşirlər. Biz bu problemin üzərində düşünürük. Bir daha qeyd edirəm ki, qanunla bağlı yeniliklərin müzakirə edilməsinə ehtiyac görmürəm. Bizim bir müddət əvvəl qanunvericiliyə etdiyimiz dəyişikliklər şəffaflığın təmin edilməsi ilə bağlıdır. Qanunun tətbiqi ilə bağlı hər hansı çatışmazlıq varsa, biz milli qeyri-hökumət təşkilatları ilə müzakirələr aparmağa hazırıq". Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir: "Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşdiyini deyən millət vəkili qeyd edib ki, ölkəmizin heç də asan olmayan qonşuları var: "Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır". A. Quliyev bildirib ki, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb. "Vahid pəncərə" sistemi qəbul edilib və sənədləşmə asanlaşdırılıb. Biz tərəfdaşlarımızla görüş zamanı alternativ təklif edirik və bu hüquqi prosedurlardan keçmək istəməyən xarici donorlar üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının bank hesabını təqdim edirik". A.Quliyev qeyd edib ki, xarici donorlar dövlətin atdığı son müsbət addımlar əsasında ölkəmizdə fəaliyyətlərini tam şəkildə təşkil edə bilərlər: "Digər tərəfdən, Azərbaycanda donorluq fəaliyyəti ilə məşğul olmaq istəyən qurumlara bundan əlavə təklif olunub ki, əgər onlar tələb olunan hüquqi prosedurları keçmək istəmirlərsə, bunu etmədən də istənilən qeyri-hökumət təşkilatına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vasitəsilə də dəstək verə və onların layihəsini maliyyələşdirə bilərlər. Yəni Şura özünün bank hesabını onların istifadəsinə verir, donor təşkilat vəsaiti Şuranın hesabına köçürür, Şura da həmin vəsaiti donorun müəyyən etdiyi resipiyentə ötürür. Bunu ona görə deyirəm ki, hamı üçün bir daha aydın olsun. Dövlət xarici donorların şəffaf və aşkar fəaliyyətində nəinki maraqlıdır, hətta bunun üçün bütün imkanlardan istifadə etməyə hazırdır".Onun sözlərinə görə, 2017-ci il qeyri-hökumət təşkilatları üçün daha rahat və rəvan keçəcək: "Ötən il hökumət tərəfindən QHT-lərin qaldırdıqları bir sıra məsələ ilə əlaqədar müsbət addımlar atıldı. Xüsusilə də xarici qrantların qeydiyyat proseduru sadələşdirildi, "vahid pəncərə" sistemi tətbiqi edildi. Bütövlükdə xarici donorlarla bağlı hüquqi rejimin nəzərəçarpacaq dərəcədə sadələşdirilməsi onu deməyə əsas verir ki, bu il xarici donorların Azərbaycanda fəaliyyəti genişlənəcək. Dövlət hər zaman xarici donorların Azərbaycandakı fəaliyyətinin şəffaf və hesabatlı olmasında maraqlı olub. Əsas tələb o olub ki, maliyyələşən layihələr, sərf edilən vəsaitlər açıq və şəffaf şəkildə həyata keçirilsin, hər hansı gizli məqsədlərə xərclənməsin, hesabatlılıq olsun, Azərbaycanın milli maraqlarını təhdid edə biləcək hərəkətlərə yol verilməsin. Dünyada istənilən ölkə ictimai-siyasi sabitliyi qorumaq üçün tələb olunan zəruri tədbirləri həyata keçirir. Azərbaycanın milli təhlükəsizliyinin hərtərəfli təminatı baxımından müəyyən addımlar atması heç kimi narahat etməməlidir. Digər tərəfdən ümid edirəm ki, bundan sonra xarici donorların fəaliyyətində təkrarlanmalar azalacaq və hökumətlə xarici donorlar arasında effektiv koordinasiya təmin olunacaq". Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, bu gün vətəndaş cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil: "QHT vətəndaş cəmiyyətinin ən güclü institutlarından hesab olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT sektorunun gücləndirilməsi, onları ictimai problemlərin həllinə cəlb etmək üçün müəyyən tədbirlər həyata keçirir". O, qeyd edib ki, əgər 2008-2009-cu illərdə bu sahədə müəyyən təcrübəsizliklər müşahidə olunurdusa, artıq zaman keçdikcə QHT-lər də təcrübə toplayıb, təkmilləşirlər: "2007-ci ilə qədər bizim ölkədə QHT-lər tam şəkildə xarici donorlardan asılı olub. Preizdent İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə QHT-lərə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Bu da dövlətin QHT-lərin fəaliyyətində maraqlı olduğunu, vətəndaş cəmiyyətinin inkişafında siyasi iradəsinin olduğunu ortaya qoydu".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31